Premyer-liqanın 6-cı turunun “Keşlə” – “Sabah” (2:0) oyunundan sonra baş tutan mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Ramin Quliyev hakimlikdən narazılığını bildirib.

Rekord.az xəbər verir ki, mütəxəssis 87-ci dəqiqədə Rəşad Əhmədovun komandasının lehinə penalti təyin etməməsindən şikayətlənib. Onun fikrincə, baş hakim oyunu qərəzli idarə edib və belə halla cari mövsümdə bir neçə dəfə üzləşiblər.

Dünən isə klub bununla bağlı AFFA-ya şikayət edib. “Football-plus.az” saytı, şikayətin detallarını öyrənmək üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışıb:
 

“Müraciətimiz AFFA Hakimlər Komitəsinə ünvanlanıb. “Keşlə” ilə oyunda hakim idarəçiliyindən narazı qaldığımızı, xüsusilə matçın 87-ci dəqiqəsində komandamızın lehinə haqlı penaltinin verilməməsini qeyd etmişik. Bundan əlavə, əvvəlki turlarda da komandamızın əleyhinə bir neçə qərarın verildiyi və bunlardan bəzilərinin birbaşa oyunun nəticəsinə təsir etdiyi vurğulanıb. Konkret Rəşad Əhmədovun idarəçiliyinə qiymət verilərkən bu məqamın nəzərə alınmasını istəmişik”.