"Sabah" - "Neftçi" matçı turun mərkəzi görüşü adını doğrultdu. Belə oyunlar nə qədər çox olsa, çempionatımızın səviyyəsi də bir o qədər çox artar. Açığı oyundan öncə proqnozum heç-heçə idi. Hər iki komanda layiqli mübarizə apardı. Xal baxımından daha çox itirən "Sabah" oldu. Çünki evdə oynayırdı və rəqib hələ formalaşmaqda olan "Neftçi" idi. Amma qələbə qazana bilmədi. Şəxsi fikrimdi, "Sumqayıt"la oyunun təxirə salınması "Sabah"ın əleyhinə işləyib. "Partizan"la cavab matçından öncə də bunun yanlış addım olduğunu və komandanın əleyhinə işləyəcəyini demişdim. Zatən mövsüm yeni başlayıb, sənin oyun praktikana ciddi ehtiyac olduğu anda "Sumqayıt"la oyunu niyə təxirə salırsan? "Qarabağ" və "Neftçi" buna getmədi, ona görə hər ikisi cavab matçını daha yaxşı oynadı. Hər halda, Murad Musayev başa düşməlidir ki, normal, Avropa səviyyəsinə yaxın komanda qurmaq istəyirsənsə, üç gündən bir oynamağa öyrəşməlisən. Bu fikirim bütün klublarımıza aiddi.

 

O ki qaldı oyunda yaşanan qalmaqala, hər zaman demişəm, Murad Musayev yaxşı məşqçidir, "Sabah"da ciddi işlər görür, Azərbaycan çempionatına, Azərbaycan futboluna rəng qatır, amma intizamla bağlı ciddi problemi var. "Krasnodar"dan da son olaraq məhz intizamsızlığa görə göndərilmişdi. Təsəvvür edin, ötən mövsüm "Sabah"ın futbolçularından daha çox sarı vərəqə almışdı. Tamam, hakim səhvləri olur, məşqçi də insandı, özünü saxlaya bilmir, etiraz edir, amma Musayev bəzən adi şeyə görə də özündən çıxıb qalmaqal yaradır. Məhz bugünkü oyunda yaşanan qalmaqal birbaşa Musayevin ucbatından oldu. Nə hakim səhvi var idi, nə də digər amil. Sən tanınan məşqçisən, o epizodda topu ayaqla kənara vurmaq nə demək idi? Peşəkar məşqçiyə yaraşan hərəkət deyildi axı. Bəli, qırmızı vərəqəlik hərəkət deyildi, hakim vərəqəni düzgün göstərmədi. Murad Musayevə o hərəkətə görə qırmızı vərəqə çıxdısa, o zaman Amin Seydiyevə iki qırmızı vərəqə çıxmalı idi. Amma yenə deyirəm, hərəkət peşəkar məşqçiyə yaraşan hərəkət deyildi. Futbolçular da onun bu hərəkətlərindən nümunə götürür. Əlbəttə, sən o hərəkəti edəndə futbolçunun biri səndən örnək götürüb gedib rəqibi itələyəcək, digəri rəqib baş məşqçinin üstünə cumacaq. Yekunda isə kluba xeyli cərimələr, cəzalar gələcək. 

 

Anar XANLAROV