“Sabah”da xorvatiyalı baş məşqçi - RƏSMİ
- 26 Noy 2019 11:40
- 896
“Sabah”ın yeni baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, paytaxt klubunun bundan sonra xorvat mütəxəssis Jelko Sopiç çalışdıracaq. 45 yaşlı məşqçi ilə 1,5 illik müqavilə bağlanıb.
Xorvatiyalı mütəxəssis futbolçu karyerası ərzində Xorvatiyanın “Zaqreb”, “Slaven Belupo”, “Lokomotiva”, Almaniyanın “Borussiya” (Münhenqladbax), “Rot Vays Alen” klublarında çıxış edib.
Sopiç məşqçi karyerasına Zaqrebin “Lokomotiva” klubunda (2011/12) başlayıb. Bu klubda köməkçi məşqçi kimi çalışmış xorvat mütəxəssis, daha sonra Xorvatiyanın “Rudes” (2012/15) və “Dinamo Zaqreb B” (2015/16) klublarında baş məşqçi, “Dinamo Zaqreb”in əsas komandasında (2016/17), Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunda (2017/18) köməkçi məşqçi, “Əl-Əyn”in U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb. 2016/17 mövsümündə 1 ay Zaqreb “Dinamo”unda, 2018/19 mövsümündə isə 3 oyunda “Əl-Əyn”də baş məşqçi funksiyasını yerinə yetirib.
“Əl-Əyn”lə BƏƏ çempionluğunu və “Prezident kuboku”nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə ölkə çempionu olub (2018/19).
31 yaşlı xorvatiyalı mütəxəssis Marko Lozo Sopiçin köməkçisi təyin olunub.
Xatırladaq ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.