Azərbaycanın PRO kateqoriyalı məşqçilərdən olan Elşad Əhmədov "Sabah"la yollarını ayırıb.

Rekord.az sport24.az-a istinadla xəbər verir ki, 51 yaşlı mütəxəssis bundan sonra "Neftçi" Futbol Akademiyasında çalışacaq.

Əhmədov saytımıza açıqlamasında məlumatı təsdiqləyərək akademiyaya rəhbərlik edəcəyini bildirib: "Neftçi"dən təklif gəldi, rəhbərliklə söhbətimiz oldu. "Neftçi" öz evimizdi, 8 il işlədiyim bir klubdu, əziyyətimiz olub burda. "Sabah" da doğma klubdu, 3 il canla-başla, bacardığım qədər işləmişik".

Xatırladaq ki, Əhmədov "Sabah"ın Premyer Liqada ilk baş məşqçisi kimi tarixə düşüb. O, 1 ildən sonra bu postdan ayrılayaraq klub prezidentinin müşaviri çalışıb, son iş yeri isə U-19 komandasının baş məşqçisi olub. Təcrübəli mütəxəssis 2011-ci ildən olduğu "Neftçi"də U-17, U-19, U-21 komandalarının baş məşqçisi işləyərək Azərbaycan çempionu olub.