"Sabah"ın baş məşqçisi AFFA-nın qərarı haqda
- 19 İyn 2020 17:43
- 739
"Bu barədə nə deyə bilərəm ki? Bu, AFFA-nın qərarıdı və ölkədəki hazırkı vəziyyətlə bağlıdır".
Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Sabah"ın baş məşqçisi Jelko Sopiç deyib.
AFFA İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı qərar qəbul olunub.
COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün çempinat və kubok yarışı dayandırılıb.
İK daha əvvəl Premyer Liqanın iyunun 21-də bərpa olunacağını açıqlamışdı. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib (11 səs lehinə, 1 səs əleyhinə).
20 turdan sonra 45 xalla zirvədə yer alan "Qarabağ" çempion elan olunub. Ağdam klubu 2020/2021 mövsümündə Azərbaycanı Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında təmsil edəcək.
Xorvatiyalı mütəxəssisin bu qərara münasibəti belə olub: "Təbii ki, bu, bizim üçün sevindirici xəbər olmadı. Ancaq bununla razılaşmalıyıq. Ümid edirəm ki, yeni mövsümə mümkün qədər tez başlanması barədə qərar verilər".