Üç aylıq fasilədən sonra dünən Azərbaycanda ilk futbol matçı keçirildi. 

Rekord.az xəbər verir ki, Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da "Sabah" "Qarabağ"ı qəbul etdi.

Yoxlama görüşü olsa da, koronavirus pandemiyası səbəbindən matç ciddi təşkilatçılıq tələb edirdi. Həm də bu, Premyer Liqa klubları arasında karantin dövründə bir ilk idi. Bu mənada "Sabah"ın məsuliyyəti ikiqat idi. Amma əminliklə demək olar ki, meydan sahibləri üzərlərinə düşən işin öhdəsindən gəldilər. Arena matçdan öncə ətraflı dezinfeksiya olunmuşdu. Öncədən gözlənildiyi kimi, arenaya azarkeşlər buraxılmamışdı. Yalnız klublar və onların nümayəndələri, bir də matçı işıqlandırmağa gələn 10-a yaxın media nümayəndəsi stadiona buraxıldı. O da hamısının hərarəti yoxlanılandan sonra. Medianın tribunada və oyundan sonra təşkil olunan mətbuat konfransındakı fəaliyyəti zamanı da sosial məsafə qaydalarına əməl edilməsi üçün bütün zəruri tədbirlər görülmüşdü. Konfrans zalında oturacaqlar ara məsafəsi qaydalarına uyğun olaraq düzülmüş, press-sektorda isə bu təlimatın əks olunduğu kiçik plakatlar stullara yapışdırılmışdı. Komandaların oyun öncəsi məşqində də izolyasiya qaydaları ciddi şəkildə tətbiq olundu. Bir sözlə, "Sabah" oyunda məğlub olsa da, koronavirus sınağından üzüağ çıxdı.