"Sabah"ın məşqçisi AFFA-nın qərarından narazıdır
- 21 Apr 2021 11:00
- 629
"Belə qərar verilməsini gözləmirdim".
Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Sabah-2"nin baş məşqçisi İlqar Mənsimov AFFA İntizam Komitəsinin ona verdiyi cəzaya münasibət bildirərkən deyib.
“Keşlə-2”yə qarşı keçirilən oyun bitdikdən sonra hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Sabah”ın ikinci komandasının baş məşqçisi İlqar Mənsimov daha sonra dəhlizə daxil olarkən hakimi təhqir edib.
Bu səbəbdən İK adıçəkilən mütəxəssisi 5 oyunluq cəzalandırıb, klubu isə 400 manat məbləğində cərimələyib. Gənc mütəxəssis başverənləri belə izah edib:
"Həmin epizodda qrmızı vərəqə olduğunu qəbul eləmirəm. Qırmızı vərəqəlik heç nə eləməmişəm. Oyunda aldığım sarı vərəqəyə etiraz eləməyimlə razıyam.
Oyundan sonra dördüncü hakimdən soruşdum ki, sarı vərəqəni niyə verdirdiyini mənə izah elə. Çünki sarı vərəqəni o verdirmişdi. O da qulaqcıqla baş hakimə dedi ki, gəl birbaşa qırmızı vərəqə ver.
Mən də bu cəza ilə razı deyiləm. Bilmirəm axırı necə olacaq. Apellyasiya veriləcək yoxsa yox. Orda təhqir yazılıb, amma elə bir şey olmayıb. Tüneldə bir az səsimi qaldırmışam.
Ancaq heç kimi təhqir eləməmişəm. Söyüşə görə 4 oyun və 300 manat cəza verillər. Mənə isə 5 oyun və 400 manat cəza verilib. Niyə görə? Bunu başa düşə bilmirəm".
Mənsimov "bu barədə rəhbərliklə danışığınız olub?" sualını belə cavablayıb: "Rəhbərliyə bu barədə deyilib. Mənimlə də danışıq olub. Araşdırılır. Yekun qərarı onlar verəcəklər".