Bir neçə gün öncə mediayaya bomba kimi xəbər yayıldı.

“Sabah”ın üzvü Bəhlul Mustafazadə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” komandasına transfer olundu. Hətta ərəblərin Azərbaycan təmsilçisinə fantastik məbləğ ödədiyi də bildirildi. Xəbərin üstündən 24 saat keçməmiş “Futbol+” keçidin baş tutmadığını üzə çıxardı. Daha sonra “Sabah” rəsmi bəyanat yayaraq qəzetimizin tirajladığı xəbəri təsdiqlədi. “Göy-ağlar” məsələ ilə bağlı UEFA-ya şikayət edəcəklərini bildirdilər. Hadisənin təffərüfatını ötən saylarımızda diqqətinizə çatdırmışdıq. Budəfəki mövzumuz başqadı.

Əvvəlcədən bildirək ki, “Əl-Əyn”nin baş məşqçisi Sergey Rebrovdu. Onun əsas köməkçilərindən biri isə “Sabah”ın sabiq çalışdırıcısı Visente Qomesdi. Gəzən şayiələrə görə, Bəhlulu ərəblərə ispaniyalı məsləhət görüb. “Əl-Əyn” rəhbərliyi də bunu nəzərə alaraq, transferi baş məşqçiyə demədən həyata keçirib. Sonradan ukraynalı çalışdırıcı azərbaycanlı futbolçunu istəməyib. Məhz bu səbəbdən transferdə problem yaranıb. Rebrovun inadından sonra klub Bəhluldan imtina etmək məcburiyyətində qalıb.

Məsələ ilə bağlı ispaniyalı məşqçinin özü ilə əlaqə saxladıq. Visente Qomeslə qısa dialoqu diqqətinizə çatdırırıq:

- Salam. Sizi Azərbaycandan narahat edirik. Bəzi məsələlərlə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Nə haqda danışmaq istəyirsiz? Azərbaycan macəram geridə qalıb. Bu çempionat haqda nəsə demək istəmirəm.

- Bəhlul Mustafazadənin “Əl-Əyn”ə keçidinin alınmamasının səbəbini bilmək istəyirdik.
- Bu haqda nəsə demək istəmirəm. Bəhlul Mustafazadənin probleminin nədən qaynaqlandığını bilmirəm. Bu səbəbdən də nəsə deməyim düzgün olmaz.

- Bizdə olan məlumata görə, oyunçunu “Əl-Əyn”ə siz təklif etmisiz. Klub rəhbərliyi bunu qəbul edərək, baş məşqçi Sergey Rebrovun xəbəri olmadan transferə razılıq verib. Sonradan ukraynalı mütəxəssis futbolçunun xidmətində maraqlı olmayıb. Bununla bağlı nə deyə bilərsiz?
- Yenə deyirəm, mənim heç nədən xəbərim yoxdu. Bu haqda klubla danışmalısız. “Sabah” və “Əl-Əyn” rəhbərliyi daha dəqiq nəsə deyə bilər.

- “Əl-Əyn” rəhbərliyindən kiminsə əlaqə nömrəsini, e-mailini verə bilərsiz? Bu işdə bizə kömək etsəz olar?
- Xeyr. Mənim belə bir ixtiyarım yoxdu. Bu səbəbdən də heç bir əlaqə vasitəsini sizə verə bilmərəm. Gərək üzürlü sayasız.

Beləliklə, ispaniyalı mütəxəssis Bəhlul Mustafazadənin baş tutmayan transferi ətrafında səslənən iddialar haqda danışmaqdan boyun qaçırdı. Nə təkzib etdi, nə də təsdiq. Məsələ ilə bağlı yekun qərarı isə FİFA verəcək. Ümid edək ki, bu işdə əli olan şəxslər ortaya çıxacaq. “Sabah”a dəyən maddi və mənəvi ziyan ödəniləcək. ("Futbol plus")