Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sabah” FK və “Bank Respublika” birgə aksiya həyata keçirib. 

Rekord.az xəbər verir ki, “Sabah”ın futbolçuları ölkənin aparıcı banklarından olan və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində daha öncə bir çox aksiya həyata keçirmiş “Bank Respublika”nın əməkdaşları ilə birgə Masazırda yerləşən “Bank Respublika Arena”nın ətrafında yerli iqlim şəraitinə uyğun 100-ə yaxın ağac əkiblər.

Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın yaranmasına, ətraf mühitin qorunmasına kömək etmək, həmçinin gənc nəslin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.

“Bank Respublika” mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir. Bank, həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərən müəssisələri maliyyələşdirir və müxtəlif ekoloji layihələrə dəstək göstərir.