İspaniyanın “Real” klubunun sabiq futbolçusu Edvin Konqo həbs olunub.

Rekord.az xəbər verir ki, o, kokain qaçaqmalçılığı ilə məşğul olan cinayətkar dəstə ilə əlaqədə günahlandırılır.

İspaniya mətbuatının iddiasına görə, Kolumbiya yığmasının sabiq üzvü dindirildikdən sonra sərbəst buraxılıb.

Konqo bu hadisə ilə bağlı açıqlama da verib: “Bu, heç yaxşı bir durum deyil, amma evdəyəm. Bir az rahatladım. Mənə bir neçə sual verib, evə buraxdılar. Mən kokain ticarəti ilə məşğul deyiləm. Evimdə də kokain yoxdu. Buna baxmayaraq, məni təkrar dindirəcəklərini söylədilər”.

43 yaşlı Konqo 1999-cu ildə “Real”a transfer olunsa da, heç bir rəsmi oyunda forma geyinməyib. O, karyerası ərzində “Valyadolid”, “Vitoriya”, “Tuluza”, “Levante”, “Sportinq” (Xixon), “Rekreativo” kimi klublarda çıxış edib.