Şabran şəhəri "Bayraq meydanı"nın minifutbol stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru tərəfindən Cəbrayıl rayonunun işğaldan azad olunmasının 3-cü ildönümünə həsr olunmuş 2011, 2012 və 2013-cü il təvəllüdlü yeniyetmələr arasında minifutbol idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, Cəbrayıl rayonunun işğaldan azad olunması gününün qeyd edilməsi, yeniyetmələrin minifutbol idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilmiş yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər və 48 nəfər yeniyetmə idmançı iştirak etmişdir.

6 komandanın mübarizə apardığı yarışın finalında "Zəfər" komandası "Babək" komandasına 7:4 hesabı ilə qalib gələrək minifutbol üzrə Şabran rayon birinciliyinin qalibi olmuşdur.

Sonda qalib komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif olunmuşlar.