"Mənə "Neftçi"yə rəhbərlik etmək tapşırılanda canla-başla, ləyaqətlə üzərimə düşəni etdim. Sevinirəm ki, "Neftçi" ilə uğurlu dönəm keçirdik".

Rekord.az xəbər verir ki, bunu apasport.az-a "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov deyib.

Koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılan Premyer Liqada 2-ci yeri tutan sevimli klubunun çıxışına münasibət bildirən Sadıqov "ağ-qaralar"ın əvvəlki oyununu qaytaracağına inam ifadə edib:

"İnanıram ki, "Neftçi" yavaş-yavaş toparlanacaq. Bilirsiniz ki, komandada məşqçi dəyişiklikləri tez-tez edilir. Məşqçini də tez-tez dəyişdikdə uğur qazanmaq çətin olur. Məncə, artıq yetər, yəqin ki, onlar da öz sözlərini deyərlər".

Keçmiş prezidenti "flaqman"ın hazırkı rəhbərliyinin uğursuzluq fonunda onu hədəf göstərməsinə də reaksiya verib. O, xüsusən də, belçikalı Emil Mpenza ilə bağlı sanksiyanın müəmmalı olduğunu söyləyib:

"Düzdür, əvvəllər 1-2 dəfə söz atdılar. Amma sonra özləri də etiraf etmişdilər ki, o niyyətlə deməmişik. Bu gün elə bir klub yoxdur ki, futbolçularla bağlı problem yaşamasın.

Ümumiyyətlə, klublarda əcnəbi futbolçular çox vaxt problem yaradıblar. Mən indiyə qədər "Neftçi"nin prezidenti Kamran Quliyevdən bizim haqqımızda mənfi fikir eşitməmişəm.

Ola bilər ki, kimsə çayxanada oturub özünə bəraət qazandırmaq üçün nəsə deyib. Bizim "Neftçi"də gördüyümüz işləri hamı bilir. Mpenza ilə bağlı məsələ də qaranlıq qaldı.

Bizim dövrümüzdə Mpenza 4 il idi ki, getmişdi, cərimə tətbiq olunmamışdı. Biz gedən kimi, cərimə qərarı çıxdı. Səbəbini başa düşmədim. "Neftçi" nə mənə, nə də məndən əvvəlkilərə məxsusdur".

Hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsini icra edən Sadıqov yenidən futbola qayıtmaq fikrində deyil:

"Cüdoda o qədər görünməyən problemlər var ki, başqa idman növünə baxmağa vaxtımız da olmur. Futbolda missiyamızı bitirmişik. İndi bütün diqqətimiz Olimpiadada Azərbaycanı layiqincə təmsil etmək, qızıl medallar qazanmaqdır".