Sadıq Sadıqov milli üzvləri ilə görüşdü
- 14 Noy 2020 12:42
- 889
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov gələn həftə Çex Respublikasının Praqa şəhərində start götürəcək Avropa çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.
Rekord.az xəbər verir ki, əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər.
Onlar son iki həftədə cüdoçularımızın Budapeştdə təşkil edilən "Böyük Dəbilqə" yarışında və U-23 Avropa birinciliyində medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri qitə çempionstında da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara Avropa çempionatında uğurlar arzulayıb.
Qeyd edək ki, cüdo üzrə qitə çempionatı noyabrın 19-dan 21-dək Praqa şəhərində keçiriləcək. Olimpiada ilində son Avropa çempionatında qitənin güclü cüdoçuları mübarizə aparacaqlar. Azərbaycanı bu nüfuzlu yarışda 14 cüdoçu (9 kişi, 5 qadın) təmsil edəcək.