Vətən müharibəsi şəhidləri Rzayev Zülfü Zeyni oğlu və Alməmmədov İman Tarverdi oğlunun xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə Şahbuz rayon açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər ölkəmizin azadlığı və suverenliyi uğrunda həyatını fəda edən qəhrəmanlarızın gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Yarışa fəxri qonaq qismində dəvət olunmuş şəhid yaxınları təşkilatçılığa görə təşəkkür ediblər.

Açıq hava şəraitində keçirilən yarışa Şahbuz və Kəngərli rayonlarından ümumilikdə 30 nəfər qatılıb. Ayxan Nağdəliyev, Müslüm Cəfərov, Heydər Tağıyev, Toğrul Əliyev, Hüseyn Əlili, Murad Seyidov, Mirhüseyn Seyidli, Əli Məmmədli və Fərid Əliyev öz çəki dərəcələri üzrə birinci olublar. İlk üç yerin sahiblərinə diplom və medal təqdim olunub.