Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 09 Yan 2025 20:46
- 54
Yanvarın 9-da Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi baş tutub.
Yarış Gənclər və idman nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə 10-13 yanvar tarixlərində keçirililəcək.
Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı iştirak edəcək. Atletlər yanvarın 10-da sprint, 11-də vertikal və 13-də individul növlər üzrə mübarizə aparacaqlar.
Yarışda Azərbaycanı idmançılarımız Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edəcəklər.
Açılış nitqi zamanı Beynəlxalq Xizək Alpinizm Federasiyasının Baş Katibi Jordi Canals Azərbaycanın Dünya Kubokunun təşkili üçün həyata keçirdiyi hazırlıq işlərini və yaradılan infrastrukturu və bu idman növünün inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zengstşmid 2022-ci ilin oktyabr ayından etibarən Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Xizək Alpinizmi Federasiyasına üzv seçildiyini və ötən ildən başlayaraq beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaradılan Dağ Xizəyi üzrə məşqçilik fakültəsinin bu idman növünün inkişafına gələcəkdə mühüm töhfə verəcəyini deyib.
Dünya Kubokunun Azərbaycanda keçirilməsinin ölkəmizin idman tarixi üçün mühüm hadisə olduğunu qeyd edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, bu yarışın idmançıların bacarıq və əzmini nümayiş etdirməklə yanaşı, onları bir araya gətirərək dostluq və həmrəylik dəyərlərinin təbliğinə xidmət etdiyini bildirib.
Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.