Son günlərdə "Şahdağ" klubunda futbolçularla rəhbərlik arasında problemlərin yaşanması, hətta Qusar təmsilçisinin dağılması barədə məlumatlar yayılıb. "Rekord.az" xəbər verir ki, oyunçular isə maaşlarını ala bilmədiklərini qeyd edir, məsələnin həlli üçün tədbirlər görülməsini istəyirlər. Duruma aydınlıq gətirmək üçün klubun prezidenti Hafiz Seyidovla əlaqə saxladıq. O, "rekord.az"a açıqlamasında bunları dedi:   

"Yaxınlarda rəhbərliklə məşqçilər heyəti arasında görüş keçirilib. Kollektivə xəbər edilib ki, komandanın oyunçuları bir müddətlik buraxılır. Səbəb isə pandemiyadır. Ölkədə sərt karantin tətbiq edilir və biz oyunçularımızın sağlamlığını risk altında qoya bilmərik. Ona görə də qeyd olunan qərarı qəbul etdik. Ölkədə karantin rejimi başa çatandan sonra biz yenə də bir araya gələcək hansı oyunçuları komandada saxlayacağımızı, kimlərlə isə yollarımızı ayıracağımıza qərar verəcəyik. Maaşlara gəlincə, klub aprel ayının maaşını ödəyib. Yalnız may ayının ödənişi qalıb ki, bu pullar ödəniləcək. Mən klubda yeni adamam. Cəmi iki oyunumuzu izləmək şansım oldu, ardınca da çempionat dayandırılıdı. Bir sıra görüşlər keçirmək imkanım olub. Karantin qurtarandan sonra da mütləq hər kəslə görüşəcəm. Bir daha təkrar edirəm: KİV-lər yazdığı kimi komanda daılmayıb, tarixin yaddaşına köçməyib. Klub sadəcə karantin səbəbindən heyəti bir müddətlik buraxıb. Bu xüsusi rejim bitəndən sonra mütləq yenidən bir araya gələcəyik".