Şahin Bağırov MOK-la imzalanan protokolu dəyərləndirdi
- 29 Fev 2024 15:23
- 323
Bu gün MOK ilə AVF birgə əməkdaşlığa dair niyyət protokolu imzalayıb. "Rekord.az" xəbər verir ki, tədbirdə çıxış edən Şahin Bağırov bu günədək MOK-la birgə görülən işlərdən danışıb.
Bir müddət əvvəl Bakıda FIVB-nin hakimlər üçün Level-3 seminarının keçirildiyini xatırladan Ş.Bağırov bildirib ki, bu seminar məhz MOK-un uğurlu fəaliyyətinə görə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ölkəmizə həvalə edilib.
AVF rəhbəri voleybolun ölkəmizdə hər zaman sevilən idman növü olduğunu və bu sahədə bir sıra uğurlu nəticələrə imza atıldığını vurğulayıb. Qeyd edib ki, qadınlardan ibarət millimizlə beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazanmış Faiq Qarayev yenidən yığmamıza baş məşqçi təyin olunub. Bu və digər görülən işlərin voleybolumuzun əvvəlki populyarlığını yenidən geri qaytaracağına inamını ifadə edib.
O, bu protokolun voleybolun daha da inkişaf etməsinə, professional və güclü voleybolçuların yetişməsinə mühüm töhfə verəcəyini bildirib. Ş.Bağırov olimpiya hərəkatı ilə bağlı bütün proseslərdə, məşqlərin gerçəkləşməsində, idmançıların təlim-məşq toplanışlarında iştirak etməsində, onların beynəlxalq turnirlərə göndərilməsi məsələlərində MOK-un dəstəyinin faydalı olacağını da qeyd edib.