Şahin Bağırov yeniyetmələr üçün təşkil olunmuş düşərgədə olub
- 23 Fev 2024 12:27
- 267
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Sumqayıt şəhərində təşkil olunmuş “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”ndə olub. "Rekord.az" xəbər verir ki, federasiya rəhbəri fevralın 22-də Sumqayıt Olimpiya İdman Kompleksində 40-a yaxın 14 yaşadək istedadlı yeniyetmə qızın iştirak etdiyi düşərgədə məşq prosesini izləyib. Uşaqlara yaradılmış şəraitlə maraqlanan Ş.Bağırova məşq prosesi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məşqlər müxtəlif proqramlar üzrə həyata keçirilir.
AVF rəhbəri idmançılara məşqlərə və dərslərinə ciddi yanaşmalarını, professional voleybolçu olmaq, gələcəkdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etmək yolunda var gücləri ilə çalışmalarını tövsiyə edib. Ş.Bağırov həmçinin vurğulayıb ki, voleybolun inkişafı üçün hər bir məşqçi və oyunçu var gücü ilə çalışmalıdır. Məhz bu təqdirdə böyük uğurlar əldə etmək mümkündür. O, qeyd edib ki, uşaq voleybolunun inkişafı istiqamətində tədbirlər çərçivəsində baş tutan belə düşərgələr və seleksiya məşqləri mütəmadi keçiriləcək. Bu seçimlərin və düşərgələrin təşkilində əsas məqsəd gənclərdən ibarət milli komandaların formalaşdırılması və beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.
Qeyd edək ki, 3 gün davam edən düşərgəyə bu gün yekun vurulacaq. Bu, AVF-nin fevralda keçirdiyi 3-cü düşərgədir. Artıq Gəncə-Tovuz RVK-larında və Naxçıvan Muxtar Respublikasında belə düşərgələr təşkil edilib. Yekunda düşərgələrdə fərqlənəcək istedadlı voleybolçular Bakıda keçiriləcək düşərgələrə cəlb olunacaqlar.