İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevdi.

 



“Şahin, səhv etmişəm, yanlışlığa yol vermişəm, məni bağışla”
İsraildə oynadığım illər idi. Samir Ələkbərov da həmin vaxt orda çıxış edirdi. Yığmanın oyununa görə Fransaya yollanmışdıq. Qarşılaşma başa çatandan sonra Parisdən Təl-Əvivə uçmalıydıq. Təyyarədən qorxduğumu Samir bilirdi. Hava gəmisi göyə qalxan kimi Ələkbərov məni qorxutmaq üçün başladı “təyyarə yerə düşür, nə edəcəyik”, “deyəsən, təkərlər açılmır”, “təyyarənin motorunun biri sönüb” kimi qorxunc, xoşagəlməz fikirlər səsləndirməyə. Mən gözləyirdim ki, bu mənə dəstək olar, ürək-dirək verər, həyəcanı boğmağa kömək edər. O isə əksinə, məni daha da qorxutmağa çalışırdı. Bilirdim ki, heç nə yoxdu, ancaq yenə də adamın ağlına min fikir gəlir. Təyyarənin komandiri “Təl-Əviv hava limanına eniş edirik” elanını verəndə bir az özümə gəldim və ürəyimdə “yaxşı Samir, gör sənin başına nə oyun açacam” fikri ilə təyyarənin enməsini gözlədim. Hava limanında sənədlərimizi yoxlayan zaman növbədə öndə olduğumdan pasportu verib onların dilində yanımızdakı polislərə qayıtdım ki, “arxamdakı adamdan heç gözüm su içmir. Təyyarədə özünü çox şübhəli aparırdı. Deyəsən, ərəb terrorçudu”. Bunu demişdim ki, asayiş keşikçiləri Ələkbərovu qol-boyun edib saxladılar. İndi Samir onların əhatəsində “Şahin, mənə kömək elə”, - deyə qışqırır, mən də kənardan baxıb gülürəm. Mən güldükcə də Samir daha möhkəm qışqırır, daha çox yalvarır: “Şahin, səhv etmişəm, yanlışlığa yol vermişəm, məni bağışla. Məni al bunların əlindən”. Özüm bilərəkdən vaxtı uzadıb onlara yaxın getmirəm. O qışqırdıqca da polislər daha çox şübhələnirlər, onu daha çox sıxırlar. Gördüm Samir əməllicə qorxub, polislərə yaxınlaşıb onun terrorçu yox, futbolçu olduğunu söylədim. Ona qədər artıq üç ildən çox idi İsraildə oynayırdım, bu üzdən dillərini yaxşı bilirdim, fikirlərimi izah etməkdə çətinlik çəkmirdim. İndi polislər bilmirlər nə etsinlər. Hiss etdim ki, artıq mənə də inanmırlar, məndən də şübhələnirlər. Gərginliyi aradan qaldırmaq üçün oynadığımız klubun adını çəkdim, özümü təqdim etdim. Aralarından biri məni tanıdı və yoldaşlarına “bunlar həqiqətən də futbolçulardı” söylədi. İmkan tapıb onlara Samirin təyyarədə mənim başıma açdığı olayı da danışdım və buna görə ondan intiqam aldığımı dedim. Polislər də mənim planıma güldülər, ancaq onu da bildirdilər ki, belə zarafat etmək olmaz.

“Oyunun nəticəsi əvvəlcədən razılaşdırılıb, biz onsuz da qalib gəlməliydik”
Kişinyov “Nistru”sunda oynadığım dönəm idi. Səfərə yollanmışdıq. Qarşılaşdığımız komandanın adını çəkməyəcəm. Təsəvvür edin, hesab 2:2-di. Oyunun da 80-ci dəqiqələri gedir. Meydanın mərkəzində topu rəqibdən alıb sürətlə əks-hücuma çıxdıq. Komanda yoldaşım cərimə meydançasının yaxınlığında topu mənə ötürdü, mən də onu saxlamadan qüvvətli zərbə ilə qapıya vurdum və qol oldu. İndi məni saxlamaq olar? Başımı aşağı salıb rəqib qapısından öz qapımıza doğru qaçmağa başlamışam. Özü də çox bərk qaçıram ki, komanda yoldaşlarım məni təbrik etmək üçün dalımca düşsünlər, bütün meydanboyu qolu bayram edək. Təxminən 30-40 metr qaçmışdım ki, hiss etdim heç arxamca gələn, məni təbrik etmək istəyən yoxdu. Bir az sürətimi azaldıb öz-özümə “bunlar niyə belə edirlər, bəlkə heç qol olmayıb, gözümə görünüb” kimi fikirlər keçir ağlımdan. Bir-iki metr də gedib tabloya baxdım və gördüm ki, orda da 2:3 yazıldı. Həmin vaxt komandanın təcrübəli yerli müdafiəçilərindən birinə yaxınlaşıb “siz niyə mənim qoluma sevinmirsiz” sualını verdim. Qayıtdı ki, “sən vurmasaydın da, bizdən kimsə matçın sonuna kimi qələbə topunu vuracaqdı. Oyunun nəticəsi əvvəlcədən razılaşdırlıb, biz onsuz da qalib gəlməliydik. Onların müdafiəçiləri bizə imkan yaradacaqdılar” dedi. Onun bu sözlərindən sonra mənzərə aydın oldu. Sakitcə mövqeyimə qayıdıb matçı başa çatdırdım.

“İstənilən vasitə ilə sonda bizi uduzduracaqlar”
“Qarabağ”ın baş məşqçisiydim. Komanda İranda hər il keçirilən turnirə dəvət almışdı. Onu da bildirim ki, çox nüfuzlu turnir idi. İranın güclü komandaları qatılırdı və orda artıq bildik ki, hər il müxtəlif ölkələrdən komandalar dəvət olunsa da, kuboku daim İran klublarından biri qazanır. Müxtəlif yollarla, kənardan dəvət olunan komandaları sıxmaq hesabına belə “Prezident kuboku”nu ölkədən kənara çıxmağa qoymurlar. İlk görüşləri uğurla başa vurub finala çıxdıq. Həlledici qarşılaşmanın ilk dəqiqələrindən artıq hiss etdim ki, hər nə yolla olur-olsun, hakim bizi “sındıracaq”. 5-ci dəqiqə gedir, referi heç nədən bir futbolçumuzu meydandan qovdu. Üstündən heç 15 dəqiqə keçməmiş ikinci oyunçumuza da qırmızı vərəqə göstərib paltardəyişmə otağına yolladı. Gördüm ara qarışıb, meydandan qovulanların əvəzinə sakitcə iki futbolçu buraxdım. Nə ədalət təmsilçiləri, nə də rəqibin oyunçuları bunu hiss etdilər. Başabaş oyun gedir, iranlılar qapımız qarşısında bir dəfə də təhlükəli vəziyyət yarada bilmirlər. Yarımsaatın tamamında hakim üçüncü futbolçumuzu meydandan qovanda sanki yuxudan ayıldı. Biranlıq meydana göz gəzdirib, oyunçuları saymağa başladı. Gördü iki futbolçunun çıxmasına baxmayaraq, meydanda “Qarabağ”ın 11 futbolçusu var. Və buna görə oyunu saxladılar, bizə texniki məğlubiyyət verdilər. Onsuz da bilirdik ki, istənilən vasitə ilə sonda bizi uduzduracaqlar. Mən də ədalətsizliyə qarşı belə addım atmağı lazım bilmişdim.

“Səni ikinci hissədə meydandan qovacam”
“Kəpəz”in heyətində çıxış edirdim. Həmin vaxt Gəncə klubu SSRİ çempionatının ikinci dəstəsinin 9-cu zonasında mübarizə aparırdım. Onda ikinci dəstədə səfərdə xal qazanmaq qeyri-mümkün idi. Qroznıda “Terek”lə qarşılaşırdıq. Başabaş mübarizə şəraitində keçən matçın ilk hissəsinin son dəqiqəsində Moskvadan olan hakim heç nədən qapımıza penalti təyin etdi. Və o qaça-qaça cərimə meydançasına girəndə bilmədən onun dabanına toxundum, yerə yıxıldı. Ayağa duran kimi “səni ikinci hissədə meydandan qovacam” deyib aralandı. Bəxtimizdən “Terek”in futbolçusu penaltidən yararlana bilmədi və paltardəyişmə otağına 0:0 hesabı ilə yollandıq. İndi fasilədə fikirləşirəm ki, hakimin mənə dediklərini baş məşqçiyə deyim, ya yox? Soyadı indi yadımdan çıxıb. Ancaq bilirdim ki, çox kinli referidi. Bəzi əvvəlki oyunlarımızı idarə etdiyindən bilirdim ki, dediyini edən biridi. Çox fikirləşəndən sonra qərara gəldim ki, heç kimə heç nə söyləməyim və çıxıb ikinci hissədə də oynayım. Fasilə bitdi və komanda meydana çıxdı. Hakimlər gələndə gördüm baş hakim başqasıdı. Heç nə başa düşmədik. Laysmana yaxınlaşıb moskvalı hakimin hara getdiyini soruşdum. Məlum oldu ki, mənimlə toqquşmadan sonra dabanından ciddi zədə alıb və oyunu idarə edə bilməyəcək. Özlüyümdə o qədər sevindim ki, moskvalının arzusu ürəyində qaldı. Əvəzinə ehtiyat hakim çıxıb. Komanda sanki hakim dəyişikliyindən ruhlanıb ikinci yarını birnəfəsə oynadı və yekunda “Terek”i Qroznıda 2:0 hesabı ilə yendik.

“Sevincini bölüşmək üçün yanıma gələrsən”
Orta və yaşlı azarkeşlərimiz Bakını təmsil edən “Dinamo” adlı komandanı xatırlayır. Çalışdırdığım “Qarabağ” bu komanda ilə oynayırdı. Hesab 1:1 olandan sonra böyük üstünlüyə yiyələnsək də, ikinci qolu onların qapısına vura bilmirdik. Neçə təkbətək boşa verilib, dirəkdən dönən iki zərbə... Uzun sözü qısası, onlara öz cərimə meydançalarından çıxmağa imkan vermirik. Ancaq top tora getmir ki, getmir. Vüqar Nadirovun da heç 17 yaşı tamam olmamışdı, ancaq “Qarabağ”da idi. Qola vura bilmədiyimizi görüb öz-özümə “biz nə edə bilərik” sualını verdim. Düşündüm ki, belə anda gənc futbolçu lazımdı, elə bir hərəkət etsin ki, heç kim onu başa düşməsin. Yəni standart gedişlər etməyən biri. Bunu fikirləşib Vüqarı yanıma çağırdım. Üzümü ona tutub “indi səni meydana buraxacam, sən də iki dəqiqədən sonra bizə vacib olan qələbə topunu vuracaqsan. Qolu vurandan sonra da sevincini bölüşmək üçün yanıma gələrsən” dedim. Təbii ki, bütün bunları söyləməkdə məqsədim ona ürək-dirək vermək idi. Vüqar 87-ci dəqiqə meydana çıxdı və 89-da qələbə topunu vurdu. Qolu vuran kimi də gözü bərəlmiş halda düz üstümə tərəf qaça-qaça gələrək “siz bunu hardan bilirdiz” deyib sevincindən atılıb-düşməyə başladı. Mən də onu sındırmamaq üçün gülə-gülə “mən bilirdim və ona görə də səni meydana buraxdım” söylədim. Bu günə kimi Vüqarla üz-üzə gələndə həmin anı xatırlayır. ("Futbol plus")