“Qarabağ” yenə qrupda qaldı. Komandanın qrupu qələbə ilə bitirməsini gözləyənlər də təxminlərində yanıldılar. Sonuncu qarşılaşmada stadionu doldurmayan azarkeşləri qınayanlar olsa da, görünən o idi ki, “Qarabağ”lı futbolçular da, obrazlı desək, oyuna güc-bəla gəliblər. Ağdamlıların əlində ən azı yaxşı bir vida şansı var idi. Lakin ondan da yararlana bilmədilər. Əslində isə təmsilçimiz yalnız bu oyunda yox, bu mövsüm tarix yazmaq üçün yaxaladığı imkandan yararlana bilmədi. Düzdü, ardıcıl 6 il avrokubokların qrup mərhələsində oynamaq böyük uğurdu. Ancaq artıq pley-offa çıxmaq vaxtı idi. Bunun üçün də bəxtimizə bəlkə də heç vaxt düşməyəcək bir qrup düşmüşdü. Amma yenə alınmadı. Hər gün bir az da geriyə gedən ölkə futbolunda bundan sonra hansısa komandanın uğur qazanacağı da inandırıcı görünmür. Mütəxəssislərlə məhz bu yöndə danışdıq.

 

Şahin Diniyev: “Açığı, qrupda qalmağımızın bir çox səbəbləri var. Hamısını saymalı olsaq, səhərə kimi vaxt lazım gələr. Konkret nəsə demək çətindi. Kimsə desə ki, buna bir amil səbəb olub, yalandı. Uşaq futbolu, çempionatda rəqabət səviyyəsinin aşağı olması kimi amilləri səbəb göstərmək olar. Başqa ölkələrdəki böyük komandalarda çatışmayan bir cəhəti düzəldirlər və hər şey həll olunur. Ancaq bizdə belə deyil. Bizdə problemlər o qədərdi ki, saymaqla bitməz. O ki qaldı son oyuna, aydın məsələ idi ki, bu görüşün heç bir əhəmiyyəti yoxdu. Çətin olur belə oyunlara köklənmək. Düzdü, peşəkar futbolçular bütün qarşılaşmalara çıxıb əlindən gələni etməlidi. Qarşımızda isə evdəki məğlubiyyətin əvəzini çıxmaq üçün motivasiya olan bir rəqib var idi. Onlar istəyirdi ki, evdəki məğlubiyyətin təsadüf olduğunu sübut etsinlər. Ancaq “Qarabağ”ın futbolçuları çox yorğun görünürdülər. Təbii ki, bunun müəyyən səbəbləri var. Bir var əvvəldən bilirsən ki, qrupdan çıxa bilməyəcəksən, bir də var sona qədər şansın olsa da, bundan istifadə edə bilmirsən. Yəni zəif olub çıxa bilməsən, başqa məsələ. Ancaq “Qarabağ” layiq idi qrupdan çıxmağa, APOEL-dən də güclü idi. Hətta “Sevilya” səfərinə gedəndə belə artıq qrupdan çıxmağın mümkün olmadığını bilirdilər. Açığı, komandada nəsildəyişmə də olmalıdı. Məsələn, Almeyda, Kintana, Rəşad, Bədavi, Miçel - bunlar neçə illərdi bir yerdə oynayırlar. Düzdü, hamını birdən-birə göndərə bilmirsən. Nəsildəyişmə deyəndə söhbət gəncləşdirmədən getmir. Mən də bunun tərəfdarı deyiləm. Ölkədə, futbolda gedən gəncləşdirmə bizim xeyrimizə deyil. Bu hissə-hissə, tədricən olmalıdı. Biz bu gün “Qarabağ”dan heyəti tam dəyişməyi tələb edə bilmərik. Çünki yeni oyunçuların bir yerdə oynaması, uyğunlaşması üçün zaman lazımdı. Belə olan halda qısa müddətdə nəticə olmayacaq. Bu gün “Qarabağ”ın heyətində 7-8 oyunçu var ki, yaşı 30-u ötüb. Bu da təbii ki, sürət və fiziki göstəricilərin aşağı düşməsinə səbəb olur. Deməzdim ki, qrupda qalmağın əsas səbəbi bunlardı. Məncə, APOEL ilə oyunlardan sonra qrupun qapıları bizim üçün bağlandı”.


Sənan Qurbanov: “Açığı, hər dəfə siz zəng vuranda meydanın kənarı üçün darıxıram. Özümə şans verilməsini gözləyirəm. Biz də istəyərik ki, meydanda olaq, nəticə qazanaq. Hər halda, məşqçinin yeri meydanın kənarıdı. Düzdü, hazırda bütün klubların məşqçiləri var. Ancaq söhbət tək klubdan getmir, aşağı yaş qrupları da, milli komanda da olar. Əslində millidə çalışmaq hər birimiz üçün qürurdu. Biz də azərbaycanlıyıq, bu ölkəyə xidmət etmək istəyirik. Ümid edirəm ki, bizə də növbə çatacaq. Mövzuya gəlincə, “Qarabağ”ın şansları APOEL-lə oyunlarda bitmişdi. Qurban Qurbanov nə qədər çalışdı ki, komandanı oyuna kökləsin, ancaq yenə də hiss olunurdu ki, tam hazırlaşa bilməmişik. Bir tərəfdən də azarkeşləri qınayırıq ki, oyuna gəlməmişdilər. Ancaq dünyanın hər yerində belədi. Hətta qrupdan çıxmağı təmin edəndə belə, azarkeş sonuncu oyuna gəlmir. Ancaq yenə də “Qarabağ” qrupda Azərbaycanı təmsil etdi. Düzdü, hamı bilirdi ki, budəfəki rəqiblər uyğun idi, yenə də alınmadı. Ölkəmizə nəhəng klubları “Qarabağ” gətirib. Bu dəfə qrupdan çıxmaq olardı. Bəlkə də belə rəqiblər bir də heç vaxt bəxtimizə düşməyəcək. Mən “Qəbələ”də işləyəndə biz də oyunçu dəyişikliyinə getmişdik. Buna görə həm çempionatda, həm də avrokuboklarda əziyyət çəkdik. Roman Qriqorçuk da, Qurban Qurbanov da bəllli bir sistemi olan məşqçilərdi. Futbolçular baş məşqçilərin sistemini başa düşənə kimi çox vaxta ehtiyac olur. Ona görə də nəsildəyişmə “Qarabağ”a müəyyən çətinlik yarada bilər. Çünki onlar hər zaman komandanın özəyini saxlayır, sonra isə öz üslublarına uyğun oyunçular dəvət edirlər. Bəli, komanda son oyunda həqiqətən də həvəssiz görünürdü. Diqqət etsəz, “Sevilya” da son oyuna rahat çıxmışdı”. ("Futbol plus" qəzeti)