Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi işğaldan azad olunan torpaqlara səfər edib.

Rekord.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov və AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub.

Səfərdə əsas məqsəd yaxın gələcəkdə işğaldan azad olunan torpaqlarımızda şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanış olmaqdan ibarət olub. AŞF-nin prezidenti Mahir Məmmədov səfərlə bağlı mətbuat xidmətinə açıqlama verib:

“Təsəvvür etməzdim ki, Şuşaya səfər edəcəyik. Bu gün rahat şəkildə Şuşaya səfər etdiyimizə görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan ordusuna təşəkkür etmək istəyirəm. Tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad etdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə şəfa versin.
Bir günlük səfər zamanı mövcud şəraitlə tanış olduq. Gənclər və İdman Nazirliyi ilə, nazir Fərid Qayıbovla mütəmadi olaraq əlaqədəyik. Nazirliklə məsləhətləşmələr davam edir. Yaxın müddətdə səfalı torpaqlarımızda şahmat üzrə turnirin keçirilməsi müzakirə edilir. Yarışın tarixi və digər məlumatlar dəqiqləşəndən sonra ictimayyətə məlumat veriləcək”.