Xaçmaz rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbində gənclər arasında şahmat idman növü üzrə Xaçmaz rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, olimpiya sistemi üzrə keçirilən yarışa müxtəlif yaşlardan 16 gənc şahmatçı qatılmışdır.

Püşkatmada daha təcrübəli şahmatçılar ayrı səbətdə yer almışdır. Gərgin mübarizə şəraitində keçən birinciliyin finalına "Turanbank" ASC Xaçmaz filialının kreditlərə nəzarət şöbəsinin müdiri Ruslan Əliyarov və "MAN-AQRO" MMC-nin xarici satış üzrə meneceri Elbrus Süleymanlı çıxmışdır.

Ağ fiqurlarla oynayan Süleymanlı Elbrus daha yaxşı çıxış edərək, birinciliyin qalibi olmuşdur. Əliyarov Ruslan II, yarımfinalda məğlub olanlar - Xaçmaz UGİŞM-in şagirdi Aynişan Kərimova və "AzNuts" MMC-nin logistika üzrə mütəxəssisi Yaşar Ələkbərov III yerə layiq görülmüşlər. Mükafatçılar Quba-Xaçmaz Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif edilmişlər.

Xaçmaz rayon birinciliyinin keçirilməsi şahmat idman növünün rayonda kütləviliyinə, şahmat həvəskarlarının asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaq, uşaq və yeniyetmələri şahmatla məşğul olmağa təşviq etmək məqsədi daşıyır.