Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını tərtib edib.

Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2733) bir pillə geriləyərək 18-ci yerdə qərarlaşıb.

31-ci pillədəki Teymur Rəcəbovun (2700) mövqeyində dəyişiklik olmayıb. Rauf Məmmədov (2643) isə 10 pillə irəliləyərək 90-cı yerə yüksəlib. 100-cü olan Aydın Süleymanlı (2637) ilk dəfə dünyanın ən yaxşı qrossmeysterləri arasına düşüb.

Siyahıya norveçli Maqnus Karlsen (2831) başçılıq edir. ABŞ təmsilçisi Hikaru Nakamura (2802) ikinci, hindistanlı Arcun Eriqaisi (2797) üçüncüdür.

Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2426) 34-cü, Gövhər Beydullayeva (2402) 45-ci, Ülviyyə Fətəliyeva (2383) 67-ci, Xanım Balacayeva (2362) isə 83-cü pillədə yer alıb. G.Beydullayeva 8, Ü.Fətəliyeva 1 pillə irəliləyib.

Burada ilk üç pillədə çinli şahmatçılar - Yifan Hou (2633), Venyun Yu (2563) və Zonqyi Tan (2551) qərarlaşıblar.