Şahruddini Azərbaycana gətirən məşqçi: “Klub prezidenti zəng elədi ki, bu, “Sumqayıt”da qalmaq istəmir, deyir “Şahdağ”a qayıdıram” MÜSAHİBƏ
- 06 İyl 2021 14:00
- 1011
Azərbaycanın veteran futbolçularından olan, Qusar futbol məktəbinin tanınmış simalarından olan Kamran Əlibabayev Rekord.az-a müsahibə verib:
- Kamran müəllim, haralardasınız, nə işlə məşğulsunuz?
- Qusardayam, uşaqlarla işləyirəm, bacardığımız qədər çalışırıq ki, yeni futbolçular yetişdirək. Hazırda cəmi iki yaş qrupundan ibarət komandamız var: U-13 və U-14.
- Məşq üçün şərait var?
- Sağ olsun, icra hakimiyyəti meydançşa ayırıb, aylıq ödəniş etmədən orda məşqlərimizi keçirik. Super şəraiti yoxdur, amma neyləmək olar? Köhnə bir stadiondur. Düzdür, qazon təbiidir, amma ideal deyil. İstəyirik ki, əl gəzdirib şəraiti bir qədər yaxşılaşdıraq. Qazonu da süni örtüklə əvəzləmək istəyirik. Ölçülər böyük olacaq. Çünki bizdə olimpiya kompleksi olsa da orda meydança yoxdur. Görək də, necə olacaq.
- AFFA-nın keçirdiyi ölkə çempionatında çıxış etmirsiniz?
- Hələ ki, yox. Amma yeni mövsümdən müraciət etmək istəyirik.
- Qusarda böyük futbolun, peşəkar klubun olmaması rayonda futbola olan marağa nə dərəcədə təsir edib?
- Çox böyük təsir edib. Demək olar ki, rayonda futbola maraq yoxdur. Tək futbola yox, ümumiyyətlə, idmana. Sanki rayonda futbol, idman heç kimin marağında deyil, gənc nəsli düşünən yoxdur. Komanda dağıldı, stadionu dağıtdılar başqa nə olmalıdır ki? Guya yeni stadion tikəcəkdilər, niyə tikmədilər? Əgər tikilməyəcəkdisə, köhnəni niyə sökürdülər ki, elə qalmışdı da yenə məşq keçmək olurdu. Biz o vaxt futbolla məşğul olanda futbol məktəbində 200-300 uşaq məşq edirdi. İndi məşğul olmaq istəyənlər də bilmir hara getsin. Bİr məktəb stadionu var, orda da futbol oynamaq mümlün deyil, şərait yoxdur. İmkanı olanlar da üz tutur Bakıya. Elə biz özümüz də imkanı olanı yönləndiririk paytaxta. Halbuki əvvəllər ən azı normal şərait var idi. Əvvəllər Rusiyadan “Şahdağ”a futbolçular gətirirdik. Elə Şahruddin Məhəmmədəliyevi misal çəkərdim. O vaxt biz onu Rusiyadan gətirəndə Qusarda qalması üçün normal şərait də yaratmışdıq. Sonra “Sumqayıt”a getdi, ordan da “Qarabağ”a. İndi milli komandanın əsas qapıçısıdır.
- Yeri gəlmişkən, Şahruddini hardan tapıb “Şahdağ”a gətirmişdiniz?
- Moskvadan. Orda idim və həmin şəhərdə yaşayan dostlarımız məsləhət gördü ki, belə bir qapıçı var. Elə oldu ki, məşqçisini tapıb danışdıq, dedi ki, burda nə isə çətindi onun üçün, getsin, bəlkə Azərbaycanda alınar. Mən də dedim gəlsin Qusara biz şərait yaradarıq oynamağına. Gətirdik Qusara gördüm ki, çalışqan uşaqdı. Bəzən elə olurdu ki, 5-6 saat məşq eliyirdi. Özüm də demişdim ki, nə vaxt özünü hazır hiss etsən denən. Bir gün dedi ki, artıq tam hazıram. Ondan sonra U-21-lə əlaqə saxlayıb Yaşar Vahabzadəyə tövsiyyə etdim ki, belə bir qapıçı var, yoxlayın görün, necədiə O da sağ olsun, sözümü yerə salmadı, dedi ki, “gəlsin”. Bu da gedəndə söz verdi ki, ümidlərinizi doğuruldacam. Həqiqətən də doğurultdu.
- “Sumqayıt”a transferi necə baş tutdu, bu da çox maraqlıdır, çünki bizdə Premyer Liqa klubları demək olar ki, I Divizionda futbolçu almır...
- “Sumqayıt” oyununu görüb bəyənmişdi. Sizə maraqlı bir şey danışım. Demək “Sumqayıt” bunu ciddi şəkildə istəyir və biz də göndərmişik müqavilə bağlamağa. Şəxsən klub prezidenti Ərəstun Niftiyev özü ilə aparmışdı. Nə isə, bunlar getdi Sumqayıta bir müddət sonra gördüm Ərəstun müəllim zəng eliyir. Telefonu açdım mənə qayıtdı ki, Şahruddin Sumqayıtda qalmaq istəmir. Deyir ki, mən “Sumqayıt”da qalmaq istəmirəm, “Şahdağ”a qayıtmaq istəyirəm. Dedim “telefonu ver ona”. Telefonu Şahruddinə verən kimi, əməlli-başlı acıladım onu. Dedim sənin Qusarda nə azzarıln var, getmisən ora, müqaviləyə qol çək, başını da aşağı sal futbolunu oyna. Biz səni otra göndəririk ki, artırıb ordan da qabağa gedəsən. Dedim müqaviləyə qol çəkmisən, dedi ki, çəkmişəm. Dedi qurtardı getdi, qal orda, futbolunu oyna.
- Sizinlə əlaqə saxlayır, hal-əhvaıl tutur?
- Əlbəttə, tez-tez görüşürük də. Şahruddinlə, Rahid Əmirquliyevlə də həmçinin. Tək mənimlə yox, Qusarda qalanda evində qaldığı xanımlar var, onlarla da əlaqə saxlayır, hal-əhval tutur.
- Amma “Şahdağ”da oynayanda sakit idi. İndi sanki bir az aqressiv olub, bəzən oyunlar zamanı yersiz hərəkətlər edir, hətta onun hərəkətləri qalmaqala, dava-dalaşa da səbəb olur. “Qəbələ” ilə oyunda baş verənləri buna misal göstərmək olar...
- (Gülür). O elə “Şahdağ”da ad elə idi. Bir də görürdün oyun vaxtı uşaqlara əsəbləşirdi, qışqırırdı. Deyirdim ki, çox belə şeylər eləmə, özünü ələ almalısan, futbolda səhvlər olur. Qapıçıların çoxunda bu xasiyyət olur.
- Premyer Liqanı yəqin ki, izləyirsiniz. Çempionatın səviyyəsi necədir?
- Səviyyə çox aşağı düşüb. O vaxt biz oynayanda bir hissədə rəqib qapıısı önündə 10 təhlükəli qol epizodu yaradırdıq. O vaxtlar “Neftçi”, “Xəzər” Sumqayıt ölkənin güclü klubları hesab olunurdu. Onlarla oyunlarda belə, real qol imkanları yaradırdıq. İndi amma baxırsan, elə oyun olur, adamı yuxu basır. Temp yox, həyacan yox, prinsipialıq yox, azarkeş yox. İndi hər şeyi pulla ölçürlər. Halbuki, biz 18-19 yaşında pul haqda düşünmürdük, düşünürdük ki, meydançaya çıxaq və futbol oynayaq. Bizim üçün prispial olan pul yox, rəqiblər idi. “Qarabağ”la, “Turan”la prinsipial oyunlarımız olurdu. Azarkeşlər də gözəl oyun tələb edirdi. Yadımdadır, bir dəfə Qusarda “Turan”ı qəbul edirdik, “Turan” da o döğvr çox güclü idi. İlk hissədə bizə 3 top vurdular. Azarkeşlər tribunadan bizi söyürdü. Fasilədə sözü verdik ki, məhz həmin azarkeşlər üçün çıxıb nəyimiz var, qoymalıyıq. Düzdür, həmin oyunu uduzduq, amma fasilədən sonra iki qol vurub hesabı 2:3 edə bildik. Fasilədə bizi söyən azarkeşlər oyundan sonra alqışlayırdılar.
- Sanki son illər ölkədə yaxşı futbolçu da yetişmir...
- Çünki axtarıb tapan yoxdur. Gərək işləyəsən, yaxşı futbolçunu tapıb ortaya çıxardasan. Yoxsa istedadlı futbolçularımız çoxdur. İsmayıl İbrahimli var, “Qarabağ”da oynayır. O uşaq MOİK-də oynayanda oyununu gördüm, dedim ki, bu uşaq qabağa gedəcək. İsmayıl kimi uşaqlar indi də var, özü də çoxdur. Bilirsiniz, düzgün sistem qurub işləmək lazımdır. Uşaq yetişmir, uşaq yoxdur deməklə gözdən pərdə asmaq lazım deyil. I Divizionda limit nəyə lazımdır? Həmin limiti ləğv etmək lazımdır. Futbolçu 22-23 yaşında açılışır, amma bizdə o yaşda olan futbolçulara “qoca” damğası vurub futboldan silirlər. Limitlə bağlı qərarı niyə qəbul etdilər, bilmirəm. Dünyada belə şey yoxdur. Cavan futbolçu az olmalıdır ki, təcrübəlidən baxıb nə isə öyrənsin. Bizdə əksinədir, cavan futbolçu yaşlıdan çoxdur. Sovet vaxtı da gənclərlə bağlı kimit var idi. Hər komandada iki cavan olurdu biri oynayırdı, digətri ehtiyatda otururdu. Əvəzləyəndə də həmin cavanlar bir-birini əvəzləməli idi. Heç olmasa elə etsinlər. Ya da “Şəfa” variantı bir klub yaratsınlar.
- Limiti tətbiq edəndə demişdilər ki, guya milliyə futbolçu yetişəcək...
- Yetişdi? I Divizionda milliyə futbolçu çağırılır?
- Xeyr.
- Demək ki, o qərarı ləğv etmək lazımdır. Bu formada cavan futbolçu yetişmir. Ondansa MOİK-i Premyer Liqaya gətirmək lazımdır. Çünki əsgərlik yaşı çatan nə qədər futbolçunu itiririk. Halbuki, həmin futbolçular MOİK-də oynamaqla həm formalarını saxlayarlar, həm də Premyer Liqa səviyyəsini saxlayarlar. Vaxtı ilə ilə MOİK-də Zaur Tağızadə, Samir Əliyev, İsmayıl Məmmədov kiumi futbolçular oynayıb.
Anar XANLAROV