Salam, Vasili, (")Sabah(")ın xeyir!
- 15:18
- 48
Dünən "bayquşlar" ildırım sürətilə baş məşqçisini dəyişərək Krunoslav Renduliçi Vasili Berezutski ilə əvəzlədi. Yetərincə böyük müzakirəyə, birmənalı olmayan fikirlərə səbəb oldu ki, bunu da anlamaq çətin deyil. Klubu təcrübəsiz, bu günə qədər baş məşqçi işləməmiş birinə tapşırmaq yetərincə riskli addımdı. Bu təyinat necə gerçəkləşib, kimin təşəbbüsü olub, hansı pərdəarxası məqamlar var, bu ayrı söhbətin mövzusudu. İşin futbol tərəfinə də baxmaq lazımdı. Çünki adamı artıq baş məşqçi qoyublar, çıxaran, geri göndərən də deyillər. Seçim edilib, etimad göstərilib. Biz də mövcud durumla barışmağa, rəqəmsal dillə desək, bu data (verilənlər) ilə işləməli, analiz etməliyik. Əsas sual da budu: Vasili Berezutski "Sabah"da uğurlu olacaqmı? İki cavabı var: "hə" və "yox". Hər ikisinin lehinə və əleyhinə olan məqamlar var.
Niyə Azərbaycanı seçdi?
Əvvəlcə məhz bu suala cavab tapaq. Rusiyalı mütəxəssisi bura gəlməyə vadar edən məqamlar nədir? Başlayaq ən əsasından.
- Pul? İnandırıcı deyil. Futbolçu karyerası zamanı böyük pullar qazandığına, yumşaq desək, kasıb adam olmadığına şübhə yoxdu. Vasili Berezutski Rusiya futbolunun və ÇSKA-nın ən məhsuldar, ən varlı dövründə top qovub, titullar, yaxşı nəticələr, buna uyğun da çox yaxşı mükafatlar, məvacib, qonorarlar əldə edib. Bəli, pul heç vaxt çox olmur, adam Azərbaycana hava-su ilə dolanmağa da gəlməyib. Bəlli, yaxşı bir məbləğ olduğuna şübhəm yoxdu, ancaq bu işə qol qoymasında həlledici məqamın məhz pul olduğunu düşünmürəm.
- Perspektiv? Bəli, əsas məsələ budu. Vasili müəllim xeylli vaxtdı karyerasını bitirsə də, rəsmi baş məşqçi kimi heç harda işləməyib, köməkçi olub, son olaraq da Leonid Slutskinin yanında Çində eyni vəzifədə çalışıb. "Sabah" onun üçün bir çıxış variantıdı. Azərbaycan çempionatı təbii ki nə Rusiya, nə də Çin liqası qədər güclü deyil. Normal heyətin olsa, onu normal səviyyədə idarə edə bilsən, nəticə qazanmaq çətin olmaz. Düzdü, Premyer Liqamız az aşın duzu da deyil, ona görə də diqqətli olmaq lazımdı. Bu məqama sonra toxunacağıq. Hər halda, Bakı küləklər şəhəri olsa da, futbolçular meydanda külək kimi əsmirlər. Berezutski burda özünü göstərib, adından söz etdirib daha böyük kluba, konkret desək, Rusiya çempionatına, lap konkret desək, doğma ÇSKA-ya qayıtmaq istəyir. Murad Musayev belə bir işin öhdəsindən gəlib və onun nümunəsi hələ təzədi.
- Seçimi yox idi? Başqa, daha yaxşısı yox idi. İşin içində siyasət xüsusi rol oynayır. Avropada məlum müharibəyə görə rusları yaxın buraxmırlar, ona görə də şimal qonşularımız iş üçün başqa variantları gözdən keçirməyə məcburdular. Amma variantdan varianta fərq var. Məsələn, son çalışdığı Çin nə qədər böyük, çempionatı nə qədər yaxşı olsa da, orda işləmək o qədər də maraql və asan deyil. Ən azı mentalitet fərqli, darıxdırıcı və yorucudu, həmçinin də xüsusi perspektiv vəd etmir. Asiyadı. Uzaqdı. Gözdən də, qulaqdan da. Rusiyanın Premyer Liqasında Berezutskiyə hələ inanmırlar, riskə getmək istəmirlər, daha aşağı liqaya isə o özü getmək istəmir. Qalır postsovet məkanı. Orda da Orta Asiya coğrafiya olaraq yaxşı deyil, Qafqazda isə Azərbaycandan yaxşısı yoxdu. Dil, mentalitet, münasibət, həmçinin də şərait baxımından əla variantdı. Yaxşı hava, yaxşı qida... Ona görə də Vasili müəllim bizi seçdi.
Niyə uğurlu ola bilər?
İki istiqamət önə çıxır. Əvvəla, bizim PL-də cəmi 10 komanda var, onlardan maksimum yarısı rəqabətədavamlıdı. Qalanı boş, gün keçirən, mövcud olmaq üçün mövcud olan, müxtəlif şəxslərin müxtəlif maraqlarına xidmət edən, ilk şansdaca fəaliyyətini dayandıracaq kollektivlərdi. İki oyun udan kimi zirzəmidən çıxəb iddialı komandaya çevrilə bilirsən. Bu ortamda adicə 4-cü yeri tutmaq elə də çətin deyil ki, bu da adətən avrokuboklara vəsiqə deməkdi. "Filankəs filan komandanı avrokuboklara çıxartdı" cümləsi isə yaxşı reklamdı. Xaricdə kimsə google-a girib, "Azərbaycan çempionatında neçə komanda var" sualına cavab axtarmayacaq. Avrokuboka vəsiqə hər yerdə avrokuboka vəsiqədi: Gürcüstanda da, Sloveniyada da, Maltada da, Fransada da. Hazırda "Sabah"ı həmin 4-cü pillədən cəmi 1 xal ayırır, çempionatın isə 2/3 hissəsi isə hələ qabaqdadı. Qışda 2-3 yaxşı transferlə həmin pillə uğrunda mübarizədə rahatlıqla önə çıxmaq olar.
İkinci məqam isə yuxarıda da qeyd etdiyimiz kimi Berezutskinin gənc olması, özünü sübut etmək istəyidi. Adam komandasına uğur qazandırmaq üçün dəridən-qabıqdan çıxacaq, bütün bilik-bacarığını ortaya qoyacaq. "Getdi, Azərbaycanda baş çıxara bilmədi" cümləsini eşitmək istəməz Berezutski. Ona görə də gücünü qoyacaq.
Niyə uğurlu olmayacaq?
Çempionat. Çünki Azərbaycan çempionatında hər oğul baş çıxara bilməz. O qədər adlı-sanlı mütəxəssislər "yanıb" ki, burda. Ən son nümunəsi Roman Qriqorçukdu. Necə hörmətli gəlib, necə hörmətsiz getdiyi haqda ayrıca kitab yazmaq olar. Bizdə məşqçinin futbol biliyi qələbə üçün yetərli deyil. Yuri Syominin dünən Rusiya mətbuatına verdiyi "Azərbaycan çempionatı ciddi çempionatdı" açıqlamasını ciddiyə almaq lazımdı. Səviyyə aşağı olsa da, işə münasibət çox ciddidi, bəzən olum-qalım məsələsidi. Məsələn, "Kəpəz" aşağı liqaya düşəcəyi halda bir də geri qayıtmama ehtimalının böyük olduğunu bildiyi üçün hər oyun meydana rəsmən həyat savaşına çıxır. Həmçinin də digərləri. Azərbaycan çempionatında kiçik gəlirlər üçün böyük davalar gedir və burda qələbə qazanmaq üçün hər döyüşdən sağ çıxmalısan. Berezutski çox tezliklə bunu hiss edəcək.
Heyət. "Sabah"ın heyətində adlar olsa da, kollektiv sanki alayarımçıqdı. Renduliç prinsipcə pis məşqçi deyildi, minimum vəzifənin öhdəsindən gəlirdi, ancaq bu yetərli olmadı. Məsələn, komandanın pleymeykeri kimdi? Namik, Anatoli? O səviyyədə deyillər, illərdi də düzəlmirlər. Perris? Ola bilər, amma o da bu işin öhdəsindən tam gələ bilməz. İsayev və Kaşukun gedişindən sonra müdafiə ilə hücum arasında uçurum var. Üstəlik, yerli futbolçu kontingenti yüngül desək, yaxşı səviyyədə, rəqabətədavamlı deyil, onlarla böyük işlər görmək olmaz. Suallar çoxdu, ümumi qənaət isə bu heyətin rəqiblərini qorxudacaq gücdə olmamasıdı.
Nəhayət, təcrübəsizlik. İstəyirsən, 50 il köməkçi işlə, dahilərin yanında bilik topla, təcrübə topla, baş məşqçi postu ayrı şeydi. Burda qərar vermək, bu qərarın tam məsuliyyətini daşımağa hazır olmaq lazımdı. Bütün uğurlar sənin adına yazıldığı kimi, ən xırda uğursuzluq da birbaşa adına, ordan da tarixə həkk olunur. Nə qədər bəhanə tapırsan tap, xeyri yoxdu. "Sabah" şans versə, Vasili təcrübə qazanıb, ideyalarını gerçəkləşdirmək üçün vaxt əldə etsə, nəyəsə ümid etmək olar. Klub rəhbərliyi bəlkə də buna imkan verər. Ancaq kənardan, izləyicilər, ictimaiyyət uzun müddət susan deyil. Xüsusilə də ardıcıl xal itkiləri və məğlubiyyətlər olarsa.
Bu qədər. Vasili Berezutskinin "Sabah"a gəlişinin həm bizim, həm klub, həm də onun özü üçün müsbət və mənfi tərəflərini yazdım. Qərarı sizin öhdənizə buraxıram. Gənc rusiyalının "Sabah"la sabaha necə çıxacağını görmək maraqlı olacaq.
Kənan Məstəliyev