Saman Nərimancahan: "Bu cür oynasaq, "Qarabağ" da qarşımızı kəsə bilməz" MÜSAHİBƏ
- 08 Mar 2020 12:00
- 715
Rekord.az xəbər verir ki "Neftçi"nin futbolçusu Saman Nərimancahan Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun yaxşı keçdi. 90 dəqiqə tam konsentrasiya ilə oynadıq, futbol dərsi verdik. Oyunda hər bir tərəfdən qalib idik. Yaxşı ötürmələrimiz olurdu. Daha 3-4 qol da vura bilərdik. Hamı əla çıxış etdi. İnşallah, belə davam edib, çempionluğa doğru gedərik. Hər bir matçda bu cür oynasaq, "Qarabağ" da qarşımızı kəsə bilməz.
- Öz çıxışınızdan razısınızmı? "Neftçi"yə uyğunlaşmısınız?
- Məncə, çox yaxşı uyğunlaşmışam. Mən də çalışıram ki, qol vurum, məhsuldar ötürmə verim, komandaya kömək edim. İnanıram ki, davamı olar.
- Oyunun gedişində qapıçınız Aqil Məmmədov özünü pis hiss etdi. Bunun komandaya təsiri oldu?
- 100 faiz oldu. Komanda və mən özüm də çox nigaran idim. Yanına getdik. İnşallah, yaxşı olar. Aqil komandanın ürəyi təmiz olan futbolçularındandır. O və Səlahət bizim komandamız üçün pozitiv enerjidir.
- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsınız. Bu matç haqda nə deyə bilərsiniz?
- "Zirə" ilə matç çətin olacaq. Mən buradakı çempionatı görməmişdim, deyirdim yəqin cəmi 2-3 oyun çətindir. Amma indi bütün qarşılaşmaların çətin olduğunu görürəm. "Qəbələ" "Sumqayıt"a 5 qol vurur. Bu deyir ki, əgər sənin 1 oyunda konsentrasiyan olmasa, ümumi gedişata da təsir edə bilər. Gərək matçlarda 100 faiz aqressiya ilə oynayasan ki, qalib gələ biləsən.
- Keçən tur "Səbail"lə matçda xal itirdiniz. "Qarabağ" da xal itirmişdi. Bu günkü oyuna baxanda həmin matça görə təəssüflənirsinizmi?
- Biz böyük komandayıq. Gərək o cür xal itirməyək. Amma məncə, bir şey də var idi ki, külək oyuna mane olurdu. Bizim futbolçularda səhv yox idi. Külək topu fərqli istiqamətə göndərirdi. Məncə, 90+2-ci dəqiqədə o topun qapımızdan keçməsini Allah istəyirdi. Amma gərək, artıq bunları fikirləşməyək, irəliyə baxaq.
- "Keşlə" üzərində 3:1 hesablı qələbə qazanmışdınız. Bu tur "Keşlə" "Qarabağ"a qarşı oynayır. İddialı komandadır, 2-ci yer uğrunda sizinlə mübarizə aparır. "Keşlə"nin "Qarabağ"dan xal alacağını gözləyirsinizmi?
- Gərək, biz əvvəlcə öz oyunlarımızın hamısında qalib gələk. Ondan sonra gözləyək ki, "Qarabağ" xal itirsin. "Qarabağ"la qarşılaşmalarımızda da udmalıyıq ki, çempion ola bilək. Başqa yolu yoxdur. Biz onların əvəzinə oynaya bilmərik. Gərək, özümüz qalib gələk, sonra da onların xal itirməsini gözləyək və yaxınlaşaq. Mövsümün birinci yarısında onlar bizdən daha çox xal toplayıblar. Bu, işimizi bir az çətinləşdirib. Amma davam etmək lazımdır.
- Komanda daxilindəki ab-haba necədir? Çempionatda 2-ci yeri tutsaz, sizin üçün uğur hesab edilir? Bu haqda nə deyilir?
- Danışmışıq ki, böyük komandada oynayırsansa, gərək, çempion olasan. Mən bunu bilirəm. İranda da 2 böyük komandada çıxış etmişəm. Biri ilə çempion olmuşam, digəri ilə də ikinci yeri tutmuşam. Azarkeşlər hər yerdə o cürdür. Böyük komandada oynayanda onlar çempionluq istəyir, başqa şey istəmir. Biz də bunu bilirik. Əlimizdən gələni edib, çempion olmaq istəyirik. Amma nə olacağını hələ bilmirik.
- İranda azarkeşlərin sayı həddindən artıq çoxdur. Stadionlar dolu olur. "Neftçi"nin stadionunda 15-20 nəfər azarkeş olduğu üçün narahat olmursunuz?
- Məncə, ona görə belə fərq var ki, İranda insanların sayı çoxdur. Orada 80-90 milyon insan yaşayır, burada isə 10 milyon. Bir də burada futbola İrandakı qədər maraq yoxdur. Orada 10 yaşdan 80 yaşa kimi futbolla maraqlanan insanlar var. İranda hər şəhərin özünün komandası olduğu üçün çox azarkeş gəlir. Mən 3 il "Traktor"da oynamışam. 70-80 min azarkeş gəldiyini görmüşəm. Amma bilirəm ki, burada avrokubok matçlarında stadion dolacaq.
- Qolu qeyd edəndə azarkeşlərə tərəf qaçdınız...
- Komandada ilk qolum idi. Onlara bildirmək istədim ki, davamlı olar.