Şamaxıda stadion inşa olunur
- 09 İyl 2020 20:20
- 829
Futbol infrastrukturunun inkişaf etdirilməsi məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yeni layihənin icrasına start verib.
Rekord.az xəbər verir ki, AFFA ilə Şamaxı rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşası başlanıb.
2200 nəfər azarkeş tutumuna malik olacaq stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb. Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.
Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.
İnşaat işlərinin gedişi və digər texniki məsələlər barədə vaxtaşırı məlumat veriləcək.