Şamaxıda yeni stadion tikiləcək
- 28 Yan 2020 12:33
- 1701
"Hesabat dövrü beynəlxalq tədbirlərin təşkili baxımından əlamətdar olub. Mötəbər yarışlara dəstək olduğu üçün Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm".
Rekord.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. O, Avropa Liqasının finalını izləməyə xaricdən 38 min nəfərin gəldiyini və bu qarşılaşmanın son 10 ilin ən yüksək səviyyəli finalı kimi dəyərləndirildiyini söyləyib.
R.Abdullayev Şamaxıda yeni stadionun tikiləcəyini də bildirib. Onun sözlərinə görə, artıq layihə də hazırdır və işlərə bu il başlanılacaq. Eyni zamanda Gəncədə idman kompleksi nəzərdə tutulur və hazırda Sumqayıt şəhər stadionu yenidən qurulub.
Azərbaycan millisinin UEFA Millətlər Liqasında qrupdan çıxa bilmədiyini söyləyərək fikrini belə davam etdirib: "Ən zəiflər qrupundan çıxa bilmədik. Bu, AVRO-2020-yə yüksəlmək baxımından yaxşı şans idi. Seçmə mərhələdə qrupda 1 xalla sonuncu olduq. Klublarımız isə avrokuboklarda yaxşı çıxış etdilər. "Qarabağ" ardıcıl 6 dəfə qrupa düşdü".
AFFA prezidenti hakimlərin peşəkar səviyyəyə çatdırıldığını və artıq digər ölkələrin çempionatlarının oyunlarını belə idarə etməyə başladıqlarını xatırladıb.
R.Abdullayev AVRO-2020-də Azərbaycanı 4 oyunu keçirmək baxımından böyük məsuliyyətli işin gözlədiyini və bunun da öhdəsindən layiqincə gələcəyinə əminlik ifadə edib.