“Şamaxı”nın yeni rəhbərliyi tezliklə bəlli olacaq. Müşahidə Şurasının sədri Zaur Axundovun istefasından sonra başsız qalan bölgə təmsilçisində qarşıdakı günlərdə bütün suallara aydınlıq gələcək.

Rekord.az xəbər verir ki, klub kimi yalnız kağız üzərində mövcud olan “Şamaxı” yenidən təşkil olunmalıdı. Əksər futbolçular düşərgəni tərk edib, məşqçi və digər əməkdaşlar da iş axtarışındadı. Bu səbəbdən yeni rəhbərliyin işi çox olacaq.

“Şamaxı”nın yüksək vəzifəli məmurların himayəsində olacağı haqda informasiyalar var. Lakin ictimaiyyət içində görünməsi, klub işini təşkil etməsi gərəkən başqa şəxslər olmalıdı. Hazırda məhz bu məsələlər həllini tapır. Nə yazıq ki, planlarda hansısa futbol mütəxəssisinin adı yoxdu. Bu isə o deməkdi ki, “Şamaxı”da çox ciddi qüsurları, naşılıqdan doğan səhvləri müşahidə edəcəyik.

Klubun idarəçiliyinə əsas cavabdeh şəxsin Hikmət Şikarov olacağı deyilir. Şamaxı İcra Hakimiyyətinin başçısının birinci müavini olan Hikmət bəyin təyinatı tezliklə elan olunmalıdı. Onun klub prezidenti, icraçı direktor, yoxsa Müşahidə Şurasının sədri olacağı bəlli deyil, lakin əsas cavabdeh şəxs olacağı dəqiqdi.

Zatən “Keşlə” adlandığı dövrdə bu klubda rəhbər strukturlarla bağlı boşluqlar var idi – Axundov klubun tək sahibi, tək idarəçisi idi. Ona görə də “Şamaxı”nın yenidən təşkil olunmasına ehtiyac var və bu üzdən hansı postun kimə tapşırılacağı, ümumiyyətlə, hansı idarəetmə formasının seçiləcəyi müəmmadı.

P.S.: Əldə etdiyimiz xəbərə “Şamaxı”dan reaksiya öyrənməyi çox istərdik. Lakin klubun mətbuat xidməti hər şeydən xəbərsizdi, çünki klub özü demək olar, yoxdu. Bu səbəbdən suallarımıza cavabın yerli icra hakimiyyətindən gələcəyinə ümid edirik. (futbolinfo.az)