Samir Abasov: “Limit götürülsə, Azərbaycan futbolu üçün yaxşı olacaq”
- 12 Sen 2021 23:05
- 553
"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Start heyətində Famil Camalovun yer alması nəylə bağlı idi?
- Meydanda 5 azərbaycanlı olmalıdır. Bu, zəruriyyətdir. Yerli iki hücumçumuz var. Bu gün ikinci hissədə Ramon Maçadonun meydana girməsi Familin pis çıxışı ilə bağlı idi. Famil yaxşı oynasaydı, Maçado meydana daxil olmazdı. Famil belə oyunlarda böyüyəcək. Əsas olan ona inanmaqdır. Bu gün əlimizdə olanları meydana buraxdıq.
- İsmayıl Zülfüqarlı da artıq neçənci oyundur ki, səhvlər edir...
- Niyə şans verməyək? Bəs İsmayıl necə böyüsün, inkişaf etsin? Limit məsələsi də var. Kimi oynada bilərəm? Siz bilirsiz, siz deyin. Heç olmasa, ad çəkin.
- "Qarabağ" azarkeşləri sizi istefaya səslədi. Meydançada onlara cavab verdiz, bəs burda nə deyə bilərsiz?
- Dəhşət bir şeydir. Meydanda verdiyim cavab ağır idi. Onu burda deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdır. Düzdür, Samir 7 il sonra gəldi və onların əlindən çempionluğu aldı.
- Nə üçün ikinci hissədəki oyunu ilk hissədə də oynaya bilmədiz?
- Yaxşı başlamışdıq. Kobud bir səhvdən qol buraxdıq. Qol buraxdıqdan sonra istəsən də, istəməsən də oyun pozulur. İkinci hissədə meydana çıxan oyunçular da komandaya kömək etdi. Belə oyunlarda təcrübə qazanmaq lazımdır.
- İlk hissə bitən kimi Mərt Çelikin yanına getdiz və ona nəsə dediz. Bunu fasilədə də etmək olardı. Düşünmürsüz ki, bu, futbolçuya pis təsir edə bilər?
- Mərt ikinci hissədə daha yaxşı oynadı. Deyəndə nə olur? Nə oldu ki, Mərtə?
- Yusuf Lavalın çıxışı haqda nə deyə bilərsiz?
- Lavalın oyunu alınmadı. Ona qarşı ciddi təzyiq var idi. Bundan asılı da ola bilər. Çox istərdim ki, yeni transferimiz qol vursun. Alınmadı.
- Bu gün "Qarabağ"a qarşı yeni transferlərinizdən cəmi 1-i start heyətdə yer alıb. Digər transferlərin ehtiyatda qalması nə ilə bağlıdır?
- Azərbaycan çempionatında kimi alırsan al, əlində olan yerli futbolçuların durumu həlledici olur. Fəhmin İsmayıldan yaxşı olursa, artıq Fəhminin üzərində dayanacağıq. İlk növbədə yerli futbolçulara heyətdə yer verirsən, ondan sonra başlayıb legionerlər haqda düşünürsən. Meza Kollinin oynamaması sırf yerli oyunçu məsələsinə görə olmadı.
- Meza Kolli də ümidləri doğrultmur. Bununla bağlı nə deyə bilərsiz?
- Meza Kolli cəmi 10 dəqiqə oynadı. O, "Keşlə" üçün hər şey demək idi. Amma "Neftçi"də futbolçulardan biridir. Ona vaxt lazımdır. Klub rəhbərliyi ilə danışıb limit məsələsini qabartmağa çalışacam. Fikirləşirəm ki, limit götürülsə, Azərbaycan futbolu üçün yaxşı olacaq. Kim güclüdürsə, oynamalıdır. (komanda.az)