"Turan Tovuz"la son tur matçında "Sumqayıt"ı kapitan sarğısı ilə meydançaya uzun müddətli zədədən sonra sıraya dönən Vüqar Mustafayev çıxardı.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Samir Abasov məcburiyyətdən bu addımı atmalı olub.

Əslində həkimlər Vüqara süni örtükdə oynamağı qadağan edib. Futbolçunun əməliyyat olunan dizi onsuz da süni örtüyün güdazına gedib. Əgər o, bu cür meydançada oynamağa davam etsə, diz qapağı tamamilə sıradan çıxacaq. Lakin Tovuz səfərində ehtiyat oyunçusu olduqca qısa olan Abasov riskə getməyə məcbur olub. Lakin Mustafayevi 90 dəqiqə oynatmayıb və 57-ci dəqiqədə əvəzləyib.