21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün “Azersun Arena”da keçirilmiş Lüksemburq qarşılaşmanı şərh edib.

Rekord.az xəbər verir ki, o, 3:2 hesablı qələbədən sonra bunları söyləyib:

“Çətin və ağır oyun oldu. Oyundan əvvəl rəqibi təhlil etmişdik. Bu komanda Şimali İrlandiyanı səfərdə məğlub etmişdi. İlk 20 dəqiqədə futbolçularda həyəcan var idi. Lüksemburq təşəbbüsü ələ almışdı. Buna baxmayaraq, biz öz qolumuzu vurduq. 45-ci dəqiqədə buraxdığımız qoldan sonra oyunçuları ikinci hissəyə hazırlamaq bir az çətin oldu. İkinci hissədə daha üstün oynadıq, qol vəziyyətləri yaratdıq və qalib gəldik”.