U-21 millimiz dünən Lüksembyrq üzərində əzmkar qələbə qazandı - 3:2. Həqiqətən adama ləzzət elədi. Ona görə yox ki, sadəcə qələbə qazandıq. Mənə görə bu qələbəni şirin edən səbəblər var. Təbii, komandamız seçmə mərhələdə ilk qolunu vurdu, ilk xal və xallarıı qazandı. Amma daha vacibi, bunu sözün əsl mənasında MİLLİ KOMANDA etdi. Dünənki qələbənin bütün memarları yerlilər idi. Baş məşqçi yerli, meydanda can qoyan heyət yerli. Komandada bir nəfər də olsun, milliləşdirilmiş legioner yox idi. Lüksemburqla oyun sübut etdi ki, heç buna ehtiyac da yoxdur. İllərdi həmin legionerlərlə oynamışıq, nə qazanmışıq? Hətta Obradoviçin vaxtında "cırtdan" Lixtenşteynin tarixinə də düşmüşdük. Lazım deyil bizə elə legionerlər. Bu gün Samir Əliyev kimi yerlilərə inanıb güvənməli və zaman verməliyik.

Düzdür, U-21-də nöqsanlar var. Futbolçularımız nə qədər əzmkar oynasalar da, çox tez-tez toplar itirirlər, buraxılan qollarda diqqətsiz oynayırlar, rəqibə penalti şansı verirlər. Amma bütün bunlara baxmayaraq, inanmaq və güvənmək lazımdı. Ən azı bilirik ki, oynayan özümüzünkülərdi. Bu mənada hamılıqla Samir Əliyevə dəstək olmaq lazımdı. AFFA da gərək ən azı Obradoviçə, Lippertə yaratdığı şəraitin heç olmasa 50 faizini Samirə yaratsın. Bunu etsələr, nəticələrini də qısa zamanda görəcəyik. Mütləq görəcəyik!

 

Anar XANLAROV