Braziliyanın “Santos” klubu bir həftə öncə transfer etdiyi hücumçu Robinyo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

“Santos” rəhbərliyi bu addımın 36 yaşlı hücumçunun hazırda İtaliyada davam edən məhkəməsinə köklənməsi üçün atıldığını açıqlayıb. Lakin Braziliya mətbuatı bunun klubun əsas sponsorlarından birinin tələbi ilə gerçəkləşdiyini iddia edir. Məsələ burasındadır ki, Robinyonun adı təcavüzdə hallandırılır. Həmin sponsor isə daha çox xanımların istifadə etdiyi məhsullar istehsal etdiyi üçün “Santos”un belə bir futbolçunu transfer etməsinə qarşı çıxıb. Klub isə ciddi maliyyə böhranı yaşadığı bir dönəmdə əsas dəstəkçilərindən birini itirməyi yox, Robinyodan imtinanı seçib.

Qeyd edək ki, “Santos” Robinyonun transferini oktyabrın 10-da açıqlamışdı. Lakin bundan dərhal sonra bəzi azarkeşlər və sözügedən sponsor etirazlarını bildirmişdi.

Xatırladaq ki, Robinyo 2013-cü ildə gecə klubunda alban əsilli 23 yaşlı gənc qadına təcavüzdə ittiham olunur. 2017-ci ildə Milan məhkəməsi futbolçunu 9 il müddətinə həbs cəzasına məhkum etsə də, futbolçunun şikayətinə baxıldığı üçün iş hələ açıq olaraq qalır.