Santuşun məşqçilər korpusunda bir yer hələ də vakant olaraq qalmaqdadır. Söhbət yerli məşqçi postundan gedir. Məlum olduğu kimi, portuqaliyalı təyinatından sonra komandasını formalaşdırsa da, de Byazinin dönəmində millidə çalışan Arif Əsədovla işləmək istəmədi. Həmin vaxt açıqlandı ki, başqa bir yerli mütəxəssis mütləq məşqçilər korpusunda yer alacaq və həmin şəxsin adı da qısa zamanda açıqlanacaq. Lakin aradan xeyli vaxt keçsə də, hələ də bu ad açıqlanmır. Görünür Santuş bu məsələdə tərədüt edir, yüz ölçüb, bir biçmək istəyir. Bu məsələdə biz də portuqaliyalıya kömək etmək istərdik. Eləcə də AFFA-nın yadına bir şəxsi salmaq istərdik. Söhbət Vəli Qasımovdan gedir. Qasımov hazırda "Şamaxı"da futbol akademiyasının koordinatoru kimi çalışır. Amma şübhə etmirik ki, milli komandadan dəvət gəlsə, mənmuniyyətlə qəbul edər. Qasımovun təyinatı Santuş üçün da tamamilə uyğun olardı. Çünki Qasımov İspaniya və Portuqaliyada futbol oynayıb, oranın futbol mentalitetinə, futbol adamlarının xarakterinə yaxşı bələddi. Bu mənada Santuşla bir-birlərini gözəl başa düşərlər.


İkincisi, millimizin sabiq üzvü portuqal və ispan dillərini də təmiz bilir ki, bu amilin özü də Santuş üçün göydəndüşmə olardı. Qısası, bu işi daha da uzatmağa ehtiyac yoxdur, Qasımov Santuşun yerli köməkçisi məsələsində bütün parametrlərə cavab verir.


Anar XANLAROV