"Səbail" rəsmisi maliyyə problemi olduğunu təsdiqlədi
- 22 Okt 2021 17:00
- 645
Mediada gəzən söz-söhbətə görə, 1-ci divizionda çıxış edən “Səbail-2”də maliyyə problemi yaşanır.
Rekord.az xəbər verir ki, hətta bəzi media mənsubları Ruslan Qafitulinin komandasının məşqə çıxmadığını belə iddia edir.
Məsələnin nə qədər doğru olduğunu öyrənmək üçün “dənizçilər”in icraçı direktoru Fərəc Əliyevlə əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az” saytına açıqlamasında “Səbail”də maliyə problemlərinin olduğunu təsdiqlədi:
“Bəli, təkcə əvəzedici yox, əsas komandanın da belə problemi var. Akademiyanın uşaqlarına da hələ ki pul verilməyib. Bu da müvəqqəti xarakter daşıyır. Sponsorla danışılıb. Məsələ həllini tapıb. Pul bu gün hesaba köçürülsə, sabah hamının maaşı veriləcək. Belə olmayacağı təqdirdə, uzağı bazar ertəsi məsələ həll olunacaq”.
Fərəc Əliyev “Səbail-2”nin məşqə çıxıb-çıxmadığına da aydınlıq gətirdi:
“Komanda “Qəbələ-2” ilə qarşılaşmalı idi. Lakin “qırmızı-qaralar”ın U-19 komandası Çempionlar Liqasında çıxış etdiyindən bizimlə oyunları təxirə salınıb. “Səbail-2” də bu səbəbdən yoxlama görüşü keçirdi. Bundan sonra komandaya 2 günlük istirahət verdik. İndi yəqin kimsə bunu “məşqə çıxmadı” kimi qələmə verib. Mən jurnalistlərə bir söz demirəm. Ola bilər ki, futbolçulardan kimsə onlara deyib ki, məşqə çıxmırıq. İstəsəz, “Səbail-2”nin baş məşqçisi ilə bu məsələni dəqiqləşdirə bilərsiz”.