Səfər qolu qaydasının ləğvinin Azərbaycanda doğurduğu reaksiyalar
- 25 İyn 2021 23:00
- 604
Xəbər verdiyimiz kimi, UEFA 2021/2022 mövsümündən Avropa yarışlarında səfər qolu qaydasını ləğv edib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Qərara görə, iki oyunun nəticəsinə əsasən, hesab bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası olacaq.
UEFA-nın prezidenti Aleksander Çeferin avrokuboklarda səfər qolu qaydasının ləğvi ilə bağlı deyib ki, yeni qayda futbolu daha maraqlı edəcək:
"Səfər qolu qaydası 1965-ci ildən tətbiq olunan UEFA yarışlarının ayrılmaz hissəsi idi. Amma bu qaydanın ləğvi son bir neçə il ərzində qurumun müxtəlif iclaslarında müzakirə edilib. Ümumi fikir birliyi olmasa da, bir çox məşqçi, azarkeş və digər maraqlı tərəflər bu qaydanın ləğv edilməsinin lehinə idi.
Komandalar ilk oyunlar zamanı rəqiblərinə üstünlük verə biləcək səfər qolundan qorxduqları üçün hücum etməyə çəkinirdilər. Qonaq komanda fərqləndikdən sonra ev sahiblərinin 2 qol vurmaq məcburiyyətində qalması haqsızlıq sayılırdı və buna görə xeyli tənqidlər var idi. Bu qaydanın ləğvindən sonra ev üstünlüyü əvvəlkitək önəm daşımayacaq. Bütün amilləri nəzərə alan UEFA İcraiyyə Komitəsi düzgün qərar verdi".
Bəs, bu qayda Azərbaycan kubokunda da tətbiq olunacaqmı?
Qol.az saytı bu mövzu ilə əlaqədar Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevə müraciət edib. Qurum rəsmisi bildirib ki, məsələ ilə əlaqədar PFL rəhbərliyi məlumatlıdır və yaxın vaxtlarda müzakirə aparılacaq: “Hansı qərar veriləcəyini indidən söyləmək çətindir. UEFA bununla bağlı qərar verməyi milli futbol qurumlarının öz öhdəsinə buraxıb”.
Futbol mütəxəssislərimiz nə düşünür?
Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Qol.az saytına açıqlamasında əvvəlki qaydanın düzgün olmadığını, UEFA-nın ədalətli qərar verdiyi fikrindədir:
“Bir qərar qəbul ediləndə, yaxud da ləğv ediləndə onun həm tərəfdarları olur, həm də anti-tərəfdarları. Bu, qəbulolunan bir şeydir. Ancaq onun doğru olub-olmadığını zaman göstərir. Mən inanıram ki, UEFA qaydanı birdən-birə dəyişmir. Ümumiyyətlə, nəyisə dəyişmək üçün zaman lazımdır. Əvvəl komandalar oyunun hissələrində taktiki cəhətdən bölünürdüsə, artıq bu, olmayacaq. İndi futbolçular daha açıq oyuna üstünlük verəcək. Əvvəl komandalar evdə ehtiyatlı oynayıb, gücünü səfərə saxlayırdısa, artıq bunlar dəyişdi. Mənim fikrimcə, ədalətli bir qərar verilib. Bir top komandanın taleyini həll edə bilməz. Səfər və ev psixologiyasını götürmək üçün ən yaxşı variant budur. Bir də görürsən ki, komanda bütün oyun boyu hücum edir və axırıncı saniyələrdə buraxdığı ev qolunun hesabına mərhələ adlaya bilmir. Bu, düzgün deyil”.
Şahin Diniyev bu qərarın məşqçilər üçün də faydalı olacağını bildirib: “İndi komandalar daha rahat və psixoloji təzyiq olmadan oynayacaqlar. Bu qərar həm də məşqçilər üçün bir dərs olacaq. Onların da beyni açılacaq. Mən düşünürəm ki, qalib heç-heçə yolu ilə deyil, qələbə yolu ilə müəyyənləşməlidir”.
Futbol mütəxəssisi Aslan Kərimov da UEFA-nı yeni qərarına müsbət yanaşdığını deyib:
“Sözsüz ki, bu qərar birmənalı qarşılanmadı. Kimlərəsə əvvəlki qayda sərf edirdi, kimlərəsə indiki. Amma bir fakt var ki, yeni qayda məşqçilərin işini əməlli başlı dəyişdirəcək. Yəni artıq işlərinə başqa cür yanaşmalı olacaqlar. Əvvəl səfərdə qol vururdunsa, daha sonra qapanmış futbola üstünlük verirdin. İndi isə hər şey bərabərləşdirilir. Komandalar həm səfərdə, həm də evdə yaxşı futbol oynamaq məcburiyyətindədir.
Digər tərəfdən əvvəlcə əlavə vaxtda vurulan 1 qol iki qol sayılırdı. Yəni səfərdə 1:2 uduzmusan və gəlib evdə eyni hesabla qalib gəlirsən, əlavə vaxtda rəqib komanda 1 qol vururdusa, sən artıq iki qol vurmaq məcburiyyətində qalırdın. Bu baxımdan ədalətsizlik var idi.
Düşünürəm ki, UEFA bu addımı daha çox qollar vurulması, futbolun daha maraqlı olması üçün atıb. Əvvəllər səfər oyununda hətta 1:2 uduzduğun halda belə, müdafiəni düşünürdün, qabağa getmirdin. Çünki səfədə sənə üstünlük verən qolu vurmusan. Bu zaman isə yaxşı futbol görünmürdü. Ancaq indi səfərdə də hesabda geridə olduğun vaxt irəli getməli, qol vurmalısan ki, uduzmayasan. Bu, azarkeşlər üçün daha maraqlı olacaq. Buna görə də qərarı ədalətli sayıram”. (qol.az)