Şəhid övladları üçün yay düşərgəsi başa çatıb
- 07 İyn 2024 18:00
- 193
Peşəkar Futbol Liqası, “YAŞAT” Fondu və “Badamlı Mineral Sular” MMC tərəfindən Qəbələdə şəhid övladları üçün təşkil edilmiş yay düşərgəsi başa çatıb.
Rekord.az xəbər verir ki, cari ilin 8 may tarixində bağlanmış müqaviləyə əsasən “Ümumdünya Uşaqlar Günü”nə həsr olunmuş düşərgə iyun ayının 1-i 5-i aralığında keçirilib. 8-12 yaşı əhatə edən 30 şəhid övladı aktiv istirahət-əyləncə tədbirlərində iştirak edib.
Tədbirlər çərçivəsində onlar Qəbələnin müxtəlif görməli yerlərində gəzib, əyləncəli və interaktiv oyunlarda iştirak edib, Qəbələ şəhər stadionunda futbol oynayıblar.
Əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının yadigarlarının xoş vaxt keçirməsinə, onların istirahət etməsinə, özləri üçün yeni məkanlar kəşf etməsinə nail olmaq olan düşərgə əsnasında uşaqlar Qəbələ şəhərinin ən gözəl məkanlarından olan Nohur gölə səfər edərək istirahət ediblər.
Bununla yanaşı "Qəbələnd" əyləncə mərkəzinin bütün imkanlarından yararlanaraq xatirə video və fotoları çəkdirən şəhid övladlarına düşərgənin ikinci günündə “Metadesk” “startup”ının təsisçisi, Prezident mükafatçısı, adı Forbes 30-a düşən Günay İmanzadə “Komanda quruculuğu”, psixoloq, Dünya Yaddaş Federasiyasının Azərbaycan nümayəndəsi Mirşahin Əlizadə isə “Yaddaş texnikarı” təlimi keçib.
Növbəti günlərdə uşaqlar "Qəbələ" İdman Klubunun prezidenti, karate üzrə dünya və Avropa çempionu, Vətən müharibəsi iştirakçısı Fariz Nəcəfovla, dünyada tanınmış "Wilderness cooking" yutub kanalının sahibi Təvəkkül Aslanovla görüşüb, onlara suallar verib, təcrübələrini öyrəniblər. İldə yalnız bir ay fəaliyyət göstərən Lavanda tarlalarına da baş çəkmək imkanı qazanan balacalar buranı böyük maraqla qarşılayıb, fotolar çəkdirib, əyləniblər.
Təbii ki, uşaqlar hədiyyəsiz qala bilməzdi. Bağlanış mərasimində iştirak edən tədbirin sponsoru "Badamlı Mineral Sular" MMC-nin direktor müavini Elbrus Novruzlu şəhid övladlarına hədiyyələr təqdim edərək onları sevindirib. "Azərbaycan qəhrəmanlarının övladları ilə bir layihədə olmaq bizim üçün fəxrdir. Ümid edirəm ki, burada gördükləriniz və öyrəndikləriniz sizin gələcək həyatınızda da yararlı olacaq. "Badamlı" şirkəti olaraq bu tip tədbirlərə dəstək olmaqda əsas məqsədimiz Azərbaycan gənclərinin sağlam bədəndə sağlam ruha sahib olmasına töhfə verməkdir. Şəhidlərimizin yadigarları Azərbaycan xalqına əmanətdir. Biz də bu xalqın nümayəndəsi olaraq əlimizdən gələni edirik və edəcəyik" deyə Elbrus Novruzlu xoş təəssüratlarını bölüşüb.