Şəhid övladları üçün yelkənli qayıqla gəzinti təşkil edildi FOTOLAR
- 25 İyn 2021 15:20
- 711
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə şəhidlərin və rabitəçi qazilərin övladları üçün tədbir keçirilib.
Rekord.az xəbər verir ki, 8 - 16 yaşlı 20 iştirakçının qatıldığı təlim 25 iyun - Dənizçi Günü və Azərbaycan Respublikasının telefon rabitəsinin yaradılmasının 140 illiyinə həsr edilib.
Məqsəd uşaqların yelkənli idmanla tanışlığı, bu növə maraq və istəyin aşılanması, yelkənli qayıqların idarə edilməsi barədə məlumatlandırılması olub.
Tədbirdə optimist sinfi üzrə yığmanın baş məşqçisi Seyhun Yıldız və lazer sinfi üzrə baş məşqçi Tuğçe Subaşı iştirak edib. Hər iki mütəxəssis tədbir iştirakçılarına yelkən idmanı ilə bağlı məlumat verib.
Mərasimdə yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsi üsulları öyrədilib. Eyni zamanda uşaqlarla birlikdə dənizdə yelkənli qayıqda gəzinti təşkil edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mətbuat katibi Pərvanə İmanova açıqlamasında bildirib ki, bugünkü tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin, eləcə də qazilərin övladlarına həsr edilib: "Bu, əyləndiciri və maarifləndirici tədbir idi. Əsas məqsəd Vətən uğrunda canlarından keçən şəhidlərimizin və qazilərimizin övladlarının vaxtlarının səmələri keçirilməsidir. Ümid edirəm ki, onlar bu gün buradan xoş əhval-ruhiyyə ilə ayrılacaqlar".