Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Rekord.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Teymur Rəcəbov 2747 xalla 11-ci pillədə qalıbsa, Şəhriyar Məmmədyarov bir sıra geriləyərək 2740 xalla 15-ci olub.

Qədir Hüseynov (2661) 84-cü mövqedəki yerini qoruyub. Rauf Məmmədov və Nicat Abbasov növbəti dəfə "100-lük"dən kənarda qalıb.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2793) ikinci, Çinli Liren Dinq (2788) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2427) 39-cudur. İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 2387 xalla 58-ci sıradadır. Xanım Balacayeva (2379) 67-ci, Gülnar Məmmədova isə (2376) 69-cu pillədə qərarlaşıb.