Şəhriyardan beynəlxalq turnirdə daha 3 qələbə
- 16 Okt 2022 11:30
- 406
“Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.
Rekord.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin ikinci günündə daha 4 oyun keçirib.
Günün ilk görüşündə almaniyalı Vinsent Keymer ilə qarşılaşan Şəhriyar qara fiqurlarla məğlub olub.
6-cı turda Məmmədyarovun rəqibi hindistanlı Aditya Mittal olub. Ağ fiqurlarla oynayan Azərbaycan təmsilçisi qalib gəlib.
Növbəti mərhələdə Rumıniyanı təmsil edən Riçard Rapportla qarşılaşan "Şah" bu dəfə də qara fiqurlarla qələbə qazanıb.
Günün sonuncu, turnirin isə 8-ci turunda yenə ağ fiqurlarla, bu dəfə ispan Anton Quyixarro ilə üz-üzə gələn Məmmədyarov günü qələbə ilə başa vurub.
Beləliklə, Azərbaycan qrossmeysteri 8 oyundan sonra 16 xal toplayıb. O, özbək Nodir Abdusattorovdan (17 xal) geri qalsa da, özü ilə eyni xala malik norveçli Maqnus Karlseni qabaqlayaraq 2-ci pillədə qərarlaşıb.
Ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.