
“Səhvlər öz sözünü dedi”
- 14 Mar 2025 23:20
- 30
“Rəqibin kobud müdafiəsi ilə üzləşdik. "Şəki" bizə qarşı çox sərt oynadı".
Rekord.az xəbər verir ki, bunu "Sumqayıt"ın basketbol komandasının baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan Basketbol Liqasının 18-ci turunda "Şəki"yə 96:106 hesablı məğlubiyyəti şərh edib:
"Hakimlər də hər kobud oyunu görmədi. Startda belə olacağını gözləmirdik. Oyunun 3-cü periodunda hesab arasında fərqi ikiyə endirsək də, sonda yenə də səhvlər öz sözünü dedi. Oyunçularımın fərdi oyuna üstünlük verməsi də nəticəyə təsir göstərdi. Növbəti oyunda "Quba"nı məğlub etsək, 4-cü yeri təmin edəcəyik. Mübarizə aparacağıq. İstənilən halda sıx və uyğunsuz qrafiklə üzləşmişik".
"Sumqayıt" mövsümdə 11-ci dəfə uduzub.