Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Rekord.az xəbər verir ki, bu gün daha 11 qarşılaşma baş tutub.

Yeni mövsümün reqlamentinə əsasən, mərhələnin taleyi bir oyundan sonra bəlli olur. Qalib gələn komandalar ÇL-də 3-cü təsnifat mərhələsinə yüksəlirsə, məğlub olanlar mübarizəyə Avropa Liqasında davam edəcək.

Azərbaycan çempionu “Qarabağ” Moldova “Şerif”i ilə üz-üzə gəlib. Daha öncə Şimali Makedoniya “Sileks”ini 4:0 keçən Ağdam klubu bu dəfə də “Şerif”i məğlub yola salıb və növbəti mərhələyə yüksəlib.

Bu mərhələnin reytinq baxımından ən güclüsü olan “Seltik” Macarıstanın “Ferentsvaroş” klubunu sınağa çəkib. Doğma meydanda uduzan Şotlandiya nəhəngi ÇL-dən kənarda qalıb. “Alkmaar” isə öz meydanında Çexiya “Viktoriya”sı ilə qarşılaşıb və çətin qələbə sayəsində mərhələ adlayıb.

Rumıniya təmsilçisi ÇFR ilə Zaqreb “Dinamo”sunun dueli də dramatik alınıb. Dörd qolun qeydə alındığı bu matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Xorvatiya çempionu mərhələ adlayan tərəf olub.

“Makkabi” (Təl-Əviv), “Molde”, “Rapid”, “Midtyulland”, “Dinamo” (Brest), “Omoniya”, “Yanq Boyz” da ÇL-də yoluna davam edənlər sırasına qoşulub.

İlk oyun günündə PAOK Yunanıstanda Türkiyə “Beşiktaş”ını 3:1, Serbiya “Srvena Zvezda”sı isə Albaniyada “Tirana”nı 1:0 hesabı ilə yenərək, ÇL-də mübarizədən kənarlaşdırıb.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi

26 avqust

Alkmaar (Niderland) – Viktoriya (Çexiya) 3:1
Qol: Kupmeyners, 90+5-pen. Qudmundsson, 98; 118 – Limberski, 78.

Qarabağ (Azərbaycan) – Şerif (Moldova) 2:1
Qol: Matiç, 22-pen. Emreli, 63 – Velez, 78.

Suduva (Litva) – Makkabi (Təl-Əviv, İsrail) 0:3
Qol: Rikan, 30. Blekman, 73. Davidzada, 90+2.

Çelye (Sloveniya) – Molde (Norveç) 1:2
Qol: Lotriç, 38 – Hussain, 57. Xames, 74.

Lokomotiv (Zaqreb, Xorvatiya) – Rapid (Vyana, Avstriya) 0:1
Qol: Kara, 32.

Lüdoqorets (Bolqarıstan) – Midtyulland (Danimarka) 0:1
Qol: Brumado, 78.

Dinamo (Brest, Belarus) – Sarayevo (Bosniya və Herseqovina) 2:1
Qol: Qordeyçuk, 3. Diallo, 49 – Dokanoviç, 34.

ÇFR (Rumıniya) – Dinamo (Zaqreb, Xorvatiya) 2:2 (penaltilər 5:6)
Qol: Pereyra, 64. Debelju, 90+3 – Qoyak, 14. Kastrati, 78.

Legiya (Polşa) – Omoniya (Kipr) 0:2
Qol: Qomes, 92-pen. Santos, 107.

Yanq Boyz (İsveçrə) – Klaksvik (Farer adaları) 3:1
Qol: Nsame, 51. Süleymani, 57. Nqamaleu, 82 – Yohannesen, 79.

Seltik (Şotlandiya) – Ferentsvaroş (Macarıstan) 1:2
Qol: Kristi, 53 – Siqer, 7. Nquen, 75.