Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Yelizaveta Səmədovanın formasını geyindiyi "Leninqradka" 9-cu turda "Zareçye" ilə üz-üzə gəlib.

Görüş gərginliyi ilə yadda qalıb. Liza və rəfiqələri qarşılaşmaya daha yaxşı başlayıb və iki seti öz xeyrinə başa vurub. Lakin bundan sonra təşəbbüs qonaqların əlinə keçib. "Zareçye"nin ardıcıl 2 hissədə qalib gəlməsi görüşün taleyini tay-brekə daşıyıb. Həlledici setdə "Leninqradka" daha dəqiq oynayıb və oyundan qalib ayrılıb - 3:2 (25:17, 25:22, 21:25, 24:26, 16:14).

Sankt-Peterburq təmsilçisinin çətinliklə qələbə qazandığı matçda yığmamızın üzvü 16 xal qazanıb. Səmədova qonaqları 12 dəfə hücumda, 3 dəfə blokda, 1 dəfə eyslə məyus edib.

Qeyd edək ki, 9 turdan sonra aktivində 7 xal olan "Leninqradka" 9-cu pillədə qərarlaşıb.