Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiya kubokunda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, A qrupunda mübarizə aparan hücumçumuzun şərəfini qoruduğu "Leninqradka" yarım final mərhələsinin 2-ci turunda yığmamızın digər üzvü Kristina Yaqubovanın formasını geyindiyi "Lipetsk" klubu ilə qarşılaşıb.

Oyuna Yaqubovanın komandası daha yaxşı başlayıb və ilk iki seti aktivinə yazdırıb. Lakin Liza və rəfiqələri sonradan təşəbbüsü ələ keçirərək geridönüşə imza atıblar. "Leninqradka"nın ardıcıl iki hissədə qələbə qazananmasından sonra qalibin adına tay-brekdə aydınlıq gəlib. Həlledici setdə isə Lizanın komandası daha yaxşı oynayıb və qarşılaşmadan 3:2 (21:25, 15:25, 25:23, 25:15, 25:11) hesablı qələbə ilə ayrılıb.

Qrupun digər oyununda isə Moskva "Dinamo"su Krasnodarın eyniadlı komandasını quru hesabla məğlub edib. "Leninqradka" finala mərhələsi yolunda son oyununu paytaxt klubuna qarşı keçirəcək. Bu oyunda qələbə qazanacaq komanda adını dekabrda Kazanda baş tutacaq "Dördlər finalı"na yazdıracaq.