Şəmkir Ciu-citsu İdman Zalında Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru və Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının Qazax-Tovuz Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş ciu-citsu üzrə Şəmkir rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Əkbər Qasımov və Scorpion Jiu-jitsu Grappling İdman Klubunun direktoru, ciu-citsu üzrə məşqçi müəllim Anar Cavadbəyli çıxış edərək qeyd ediblər ki, 20 Yanvar faciəsi "Ümumxalq Hüzn Günü" olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir.

Daha sonra qaydalar barəsində iştirakçılar məlumatlandırılıb və turnirə start verilib. Qeyd edək ki, turnirdə 35 nəfər yeniyetmə iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib idmançılar Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.