“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Soçi” komandasına qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Soçi”nin Moskvadakı turnirdə keçirdiyi oyunları izlədik. Komanda müdafiə və hücumda yaxşı oynayır. Meydana əsasən 3 mərkəz müdafiəçisi ilə çıxırlar. Sabah meydana öz oyunumuzu oynamaq üçün çıxacağıq. Əlbəttə, "Soçi" ciddi rəqibdir. Nəticənin necə olacağını zaman göstərəcək".

Qurbanov "Qəbələ"də çalışarkən Rusiya "Krasnodar"ına qarşı Avropa Liqasının qrup mərhələsində keçirdikləri matçları yaxşı xatırladığını söyləyib: “Həmin vaxt Roman Qriqoruçukun məşqçilər korpusunda yer alırdım. Səfərdə 1:2 hesabı ilə uduzsaq da, yaxşı oynamışdıq, qol epizodlarımız var idi. Qalib gələ və ya heç-heçə də edə bilərdik. Evdə isə böyük hesabla uduzmuşduq. Həmin qarşılaşmaların üstündən uzun müddət keçib. Müəyyən təcrübəmiz var. Rusiya çempionatının səviyyəsi yüksəkdir. Amma bizim də öz oyun planımız var”.

Baş məşqçi həm müdafiədə, həm də hücumda ideal oynamaq istədiklərini vurğulayıb: "Bunu komanda şəklində etməliyik. Futbolda top buraxırsan, qol vurursan. Yəni, belə hallar çox olur. Hazırda Azərbaycan Premyer Liqasında fasilədir. Avrokuboklar başqa səviyyədir. Burada maksimal konsentrasiya lazımdır. Futbolçulara bu barədə məlumat vermişik".

Onun sözlərinə görə, "Soçi"nin baş məşqçisi Vladimir Fedotov yaxşı komanda qura bilib: "Komandanın sərgilədiyi oyun baş məşqçinin işindən xəbər verir. Yaxşı kollektiv olsa da, "Soçi" də səhv edə bilər. Əlimizə düşən imkanlardan yararlanmağa çalışacağıq".

"Keşlə"nin hər il avrokuboklarda iştirak etdiyini xatırladan Qurbanov bunun yaxşı təcrübə olduğunu deyib: "Amma heyətimizdə bəzi futbolçular var ki, sabah ilk dəfə avrokubok matçına çıxacaqlar. Oyuna yaxşı hazırlaşmışıq. Futbolçular məsuliyyəti dərk edirlər. Təbii ki, sabah meydana hansı oyun üslubu ilə çıxacağımızı deməyəcəyəm. Futbolda hər şey ola bilər. Oyunçularımıza inanıram. Daha da inkişaf etməliyik. Komandada yaxşı futbolçular var. Favorit olmaya bilərik. Amma insanları təəccübləndirmək üçün əlimizdən gələni edəcəyik".