“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Öz meydanımızda məğlub olmaq istəməzdik. Çox bəsit qollar buraxdıq. Rəqibi analiz etmişdik. Təhlükəli hücumçularının olduğunu bilirdik.

İkinci hissədə rəqib 10 nəfərlə qaldıqdan sonra qol şanslarından yararlana bilmədik. Bu görüşü analiz edib, “Zirə" ilə matça hazır olmalıyıq.

Qapımızda bizə yaraşmayan qollar gördük. Stanislav Namaşko aşağı səviyyədə çıxış etdi. 3-cü qolu buraxacağını, elə səhv edəcəyini gözləmirdik. Hər şey ola bilər. Bütün mövqelərdə rəqabət olmasını istəyərik. Gərək qapıçı özünü toparlasın. Kamal Bayramov təcrübəli qolkiperdir. Növbəti görüşlərdə onun oynadığını görə bilərik".