Sənan Qurbanovla Rəşad Sadiqov “Qəbələ”də dalaşıb?
- 30 Yan 2021 15:00
- 995
Sənan Qurbanov “Keşlə”nin “sükanı arxasına” keçər-keçməz məşqçilər korpusunda dəyişiklik etməyi lazım bilib.
Rekord.az xəbər verir ki, 40 yaşlı mütəxəssis paytaxt təmsilçisində oynayan-məşqçi olan Rəşad Sadiqovu komandadan kənarlaşdırıb, onun əvəzinə Azər Bağırovu dəvət edib.
Söylənilənlərə inansaq, Qurbanovla Sadiqovun münasibətləri “Qəbələ”də pozulub. Sənan bəy Roman Qriqorçukun köməkçisi olan vaxt Rəşad futbolçu kimi “qırmızı-qaralar”ın uğurları üçün tər tökürdü. Məşqlərin birində ikili arasında insident yaşanıb. Söz davasından yumruq davasına keçənləri komanda yoldaşları ayırıb. Görünür, Qurbanov həmin olayı unutmayıb və “Keşlə” ilə müqavilə bağlayan kimi ilk işi vaxtilə ona cavab qaytaran Sadiqovu işindən uzaqlaşdımaq olub.
Apasport.az saytına müsahibə verən Rəşad açıqlamasında yeni baş məşqçinin istəyi ilə klub rəhbərliyinin bu addımı atdığını təsdiqləyib:
“Baş məşqçi dəyişikliyindən sonra ayrılmalı oldum. Yeni baş məşqçi rəhbərliyə deyib ki, onunla işləmək istəmirəm. Mən də bildirdim ki, problem yoxdu. Sənan Qurbanovla görüşməmişəm. Elə insanla görüşmərəm. Gələn kimi rəhbərliyə o sözü deyirsə, elə insanla siz görüşmək istəyərsiz? Şəxsən mən ona heç əl uzatmaram. Gərək birinci mənimlə görüşərdi, sözünü deyərdi, sonra rəhbərliyə qərarını açıqlayardı. Yoxsa gələn kimi gedib “mən onu istəmirəm” deməsi düzgün deyildi. Onunla “Şəfa”da bir yerdə oynamışıq. Həmçinin “Qəbələ”də iki il Avropa Liqasının qrupunda çıxış etdiyimiz vaxt köməkçi-məşqçi idi. Həmin vaxt bütün matçlarda da iştirak etmişəm. İndi belə qərar verməsinə normal yanaşıram. Həyat bununla bitmir. Futbolçu həyatı da, məşqçi həyatı da bənzərdi. Bu gün burdasan, sabah ayrıla bilərsən. Futbolçu karyeramı çoxdan bitirmişəm, daha bəsdi. İnsan gərək hörmətli şəkildə getsin. Adım oynayan-məşqçi kimi gedirdi, amma oynamırdım. Sadəcə, texniki zonada oturmağım üçün sifariş olunmuşdum. Bir az istirahət etdikdən sonra məşqçilik kurslarına yazılacam. B kateqoriyalı kurslar başlayanda mən də qatılacam. Milli komandada oynadığım üçün C kateqoriyasını oxumağıma ehtiyac yoxdu”.
Məsələ ilə bağlı “Keşlə”nin yeni çalışdırıcısının da fikirlərini öyrənməyi lazım bildik. Sənan bəy bu haqda çox danışmaq istəmədəyini, yeni köməkçi dəvət etdiyinə görə Sadiqovla yolları ayırdıqlarını söylədi:
“Bu haqda çox şey demək istəmirəm. Artıq qərar verilib. Azər Bağırov yeni köməkçim olacaq ki, belədə məşqçilər korpusundan kimsə ayrılmalıydı. Sadiqova gələcək işlərində uğurlar arzulayıram. Aramızda olan köhnə ədavətə görə bu addımı atmışam? Xeyr, olanların hamısı keçmişdə qalıb. Sadəcə, hər bir baş məşqçinin güvənə biləcəyi köməkçiləri olmalıdı. Bağırovu çoxdan tanıyıram və savadına da bələdəm. Bilirəm ki, yeni komandada mənə çox kömək edəcək. Onunla işbirliyimizin uğurlu alınacağına inanıb, məşqçilər korpusuna dəvət etmişəm”.