Şenol Güneş: “Oyunlarımızın Bakıya salınması ilə bu şansı qazandıq”
- 27 Fev 2020 12:20
- 705
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş AÇ-2020-nin qrup mərhələsi çərçivəsindəki oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsinin onlar üçün yaratdığı üstünlüklərdən danışıb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis bu dəfə İzmir şəhərində qatıldığı tədbirdə iki oyunlarının Bakıda olmasına belə münasibət bildirib:
“Bizə turnirin ev sahibliyini vermədilər. Amma oyunlarımızın Bakıya salınması ilə bu şansı qazandıq. İki oyunumuzun Azərbaycanda olması, eyni zamanda açılış matçını oynamağımız bizim üçün üstünlükdü. Çünki Avropa çempionatında ilk və son qarşılaşmalar hamının diqqət mərkəzində olur. Özümüzü ən yaxşı tərəfdən göstərmək şansımız var".
AÇ-2020-nin final mərhələsindəki şanslarını dəyərləndirən 67 yaşlı mütəxəssis deyib ki, əsas hədəf çempionluqdu:
“Avropa çempionatında öz xarakterimizi ortaya qoymalıyıq. Futbol oyundu. Bu oyunu feyr-pley qaydaları çərçivəsində səs-küylü etməli və hamıya göstərməliyik. Bunun qarşılığında alacağımız nəticələr onsuz da bizi növbəti mərhələyə çıxaracaq. Yenidən formalaşan və sürətlə inkişaf edən komandayıq. Belə bir turnirə qatılmaq önəmliydi. Meydana çempionluq üçün çıxacağıq. Mənə 1/4, 1/2 finala çıxmağın yaxşı nəticə olacağını söyləyirlər. Mən isə "bura qədər gəlmişiksə, çempion olaq" deyirəm".
Heyətdəki zədəlilər barədə də danışan təcrübəli mütəxəssis yığmada yeni futbolçuların ola biləciyini istisna etməyib:
"Hər oyunçu mənim üçün dəyərlidi. Merih Demiralın komandaya təsiri böyükdü. Onun olmaması bizim üçün ciddi itkidi. Zədəsini sağaltsa belə, oynamasını riskli hesab edirəm. Ozan Kabakın heyətdə olması üstünlükdü. Əsas problemimiz müdafiənin sol cinahı ilə bağlıdı. Hasan Ali Kaldırım uzun müddət oynamadı. Yusuf Yazıcı və Abdulkadir Ömür də bizim üçün vacib futbolçulardı. Amma zədə səbəbindən meydana çox çıxa bilmədilər. Abdulkadir qayıdacaq, Yusuf məşqlərə apreldə başlayacaq. Dorukhan Toköz yenicə sağalıb, gözləyirik. Milli komanda olaraq turnirdə ən yaxşısını edəcəyik. Mart ayında yığmaya yeni futbolçular qoşulacaq".
Qeyd edək ki, iyunun 13-də Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları, eyni zamanda 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.